BAKI, 10 avqust. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 MSE raketlərinin kəskin bahalaşması səbəbindən nəzərdə tutulduğundan daha az sayda raket ala biləcək.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun büdcə sənədlərində məlumat verilib.

Sənədlərə əsasən, ABŞ ordusu üçün bir PAC-3 MSE raketinin qiyməti 2022-ci ildən bəri 30 faizdən çox artıb. 2023-cü ildə 3,825 milyon dollar olan bir raketin qiymətinin 2027-ci ildə 4,988 milyon dollara çatacağı gözlənilir.

Bahalaşma artıq 2025-ci il üçün nəzərdə tutulan sifarişə təsir göstərib. Pentaqon ayrılmış 885,7 milyon dollar hesabına 230 raket almağı planlaşdırsa da, qiymətlərə yenidən baxıldıqdan sonra bu rəqəm 194-ə endirilib. Raketlərin tədarükünə 2027-ci ilin sentyabrında başlanması nəzərdə tutulur.

Bununla yanaşı, ABŞ ordusunun PAC-3 MSE raketlərinə ehtiyacı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin aprelində ümumi satınalma hədəfi 3 376-dan 13 773 raketə qaldırılıb.

Yüksək qiymətlər fonunda Pentaqon daha ucuz alternativlərin hazırlanmasını da nəzərdən keçirir. ABŞ ordu naziri Den Driskoll bir il ərzində daha aşağı qiymətli yeni raketlərin hazırlanmasını, ilk prototiplərin isə altı ay ərzində təqdim edilməsini tələb edib.