BAKI, 10 avqust. TELEQRAF

Yaponiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin radarlarını, döyüş təyyarələrini və dronlarını yeni proqram təminatı ilə təchiz etmək niyyətindədir. Yeni proqram təminatı bu texnikalara qarşı həyata keçirilən kiberhücumları və onların üzərində gizli şəkildə nəzarətin ələ keçirilməsi cəhdlərini operativ şəkildə dəf etməyə imkan verəcək. Proqramın 2027-ci ildə tətbiqinə başlanılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Xüsusi diqqət süni intellektə əsaslanan pilotsuz qurğular arasında məlumat mübadiləsi şəbəkələrinin qorunmasına yönəldiləcək.

Yaponiya indiyədək daha çox əsas diqqəti Müdafiə Nazirliyinin sistemlərinə, eləcə də nazirliklə qərargahlar arasındakı rabitə sistemlərinə qarşı kiberhücumların qarşısının alınmasına yönəltmişdi. Amma hakerlərin yeni imkanları hərbi texnikalar və müşahidə radarları üzərində xarici tərəfin gizli nəzarət yaratması təhlükəsini də artırır. Bununla yanaşı, Yaponiya hökuməti silahlı qüvvələrdə hədəflərin qiymətləndirilməsi və seçilməsi prosesini sürətləndirməyə, qoşunların idarə olunması üçün məlumatların inteqrasiyasına imkan verən süni intellekt sistemlərinin tətbiqi imkanlarını nəzərdən keçirir.

“Nikkei”nin məlumatına görə, bu məqsədlə ABŞ şirkətlərinin hazırladığı texnologiyalardan istifadə edilməsi də nəzərdə tutulur. Bununla belə, əsas diqqətin Yaponiya tərəfindən hazırlanmış texnologiyalara yönəldilməsi planlaşdırılır.