BAKI, 10 avqust. TELEQRAF

Böyük Britaniyanın “Reform UK” və “Restore Britain” partiyaları arasında mümkün seçki ittifaqı İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı fikir ayrılığı səbəbindən təhlükə altına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, münasibətlər “Restore Britain”ın həmtəsisçisi Çarli Daunsun sosial şəbəkələrdə “Reform UK” lideri Naycel Farajın İsrailin maraqlarına uyğun hərəkət etdiyini iddia etməsindən sonra gərginləşib. Dauns, həmçinin İsrailin Qəzzadakı hərbi kampaniyasını “soyqırımı” adlandırıb.

“Reform UK” nümayəndəsi buna cavab olaraq bildirib ki, Dauns “Restore Britain” sıralarından xaric edilməyənədək iki siyasi qüvvə arasında ittifaq mümkün olmayacaq. Partiya rəsmisi “Restore Britain” rəhbərliyində və ona yaxın dairələrdə antisemit və radikal irqçi şəxslərin olduğunu iddia edib.

“Restore Britain” lideri Rupert Lou avqustun 2-də Faraja hakim Leyboristlər Partiyasını seçkilərdə məğlub etmək üçün qüvvələri birləşdirməyi təklif etmişdi. O, Britaniyadakı sağ qüvvələrin parçalanmasının leyboristlərin xeyrinə işlədiyini bildirmişdi.

Faraj isə avqustun 3-də Londonda keçirdiyi mətbuat konfransında iki partiyanın mövqelərinin bir çox məsələdə üst-üstə düşdüyünü bildirərək, “Restore Britain” ilə seçki paktının yaradılması ehtimalını istisna etməmişdi.

“YouGov”un avqustun 2-3-də keçirdiyi son sorğuya əsasən, “Reform UK” 23 faiz dəstəklə ölkədə birinci yerdədir. Leyboristlər Partiyasını respondentlərin 22, Mühafizəkarlar Partiyasını 19, “Restore Britain”ı isə 4 faizi dəstəkləyir.