BAKI, 10 avqust. TELEQRAF
Yaponiya Müdafiə Nazirliyi dəniz quldurluğuna qarşı beynəlxalq əməliyyatlarda iştirak üçün Ədən körfəzinə ölkənin ən yeni P-1 patrul təyyarəsini göndərib.
Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” informasiya agentliyi məlumat yayıb.
Təyyarə Tokionun daimi hərbi bazasının yerləşdiyi Afrikanın şimal-şərqindəki Cibutidə yerləşdiriləcək.
P-1 Yaponiyada istehsal olunan reaktiv təyyarədir və sualtı gəmilərin, eləcə də suüstü gəmilərin müşahidəsi üçün nəzərdə tutulub. Təyyarə fasiləsiz olaraq 10 saatdan artıq patrul uçuşu həyata keçirə bilir.
Tokio Ədən körfəzində quldurlara qarşı əməliyyatlarda 2009-cu ildən iştirak edir. Patrul təyyarəsi ilə yanaşı, Yaponiyanın Hərbi Dəniz Qüvvələrinin esminesi də burada rotasiya əsasında fəaliyyət göstərir.