BAKI, 10 avqust. TELEQRAF
ABŞ administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına baxmayaraq, Təl-Əvivin Qəzza zolağı ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirməsini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ağ Ev Netanyahunun Sülh Şurasının Qəzza ilə bağlı 15 bəndlik planını rədd etməsi və HƏMAS tərksilah olunana qədər İsrail qoşunlarının bölgədən çıxarılmayacağı barədə açıqlamalarından narahat deyil.
ABŞ rəsmisi Vaşinqtonun Netanyahunun bu mövqeyini oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkiləri ilə əlaqələndirdiyini bildirib.
“Benyamin Netanyahunun siyasi ehtiyaclarını anlayırıq. O, bizim istədiklərimizi etməyə, xüsusilə Qəzzaya hücumları məhdudlaşdırmağa davam etdiyi müddətdə bu, bizim üçün problem deyil”, - mənbə bildirib.
Məlumata görə, Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Tramp və onun kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb. İsrailin Baş naziri söhbət zamanı Qəzza ilə bağlı plana “şans verəcəyini” və demilitarizasiya prosesinin başlanması üçün bölgəyə zərbələri məhdudlaşdıracağını vəd edib.
Vaşinqton hesab edir ki, Netanyahu hazırda bu vədinə əməl edir.