BAKI, 10 avqust. TELEQRAF
Dünya dənizlərində 2026-cı ilin iyul ayında müşahidə edilən səth temperaturu bu ay üçün indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına istinadən “The Guardian” yazıb.
Məlumata görə, qütb bölgələri istisna olmaqla, dünya dənizlərində orta səth temperaturu iyul ayı üçün rekord həddə yüksələrək 2023-cü ildə qeydə alınmış əvvəlki maksimum göstəricini ötüb.
Atlantik okeanının Avropa sahillərində və Aralıq dənizinin qərb hissəsində də dəniz səthinin temperaturu rekord səviyyəyə çatıb. Avropa ətrafındakı dənizlərdə güclü istilik dalğalarının müşahidə olunduğu bildirilib.
“Copernicus”un məlumatına əsasən, 2026-cı ilin iyulunda qlobal səth havasının temperaturu 2024-cü ilin eyni ayındakı göstəricidən cəmi 0,01 dərəcə aşağı olub. Bununla da 2024 və 2026-cı ilin iyul ayları müşahidələr tarixində ikinci ən isti iyul ayları kimi qiymətləndirilib.
Qərbi Avropada isə 2026-cı ilin iyun-iyul dövrü indiyədək qeydə alınmış ən isti belə dövr olub. Yayın ilk iki ayında temperatur normadan orta hesabla 2,79 dərəcə yüksək olub və dörd il əvvəl müəyyən edilmiş əvvəlki rekord yenilənib.
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlim üzrə mütəxəssisi Samanta Börcess bildirib ki, davamlı yüksək təzyiq sistemləri Qərbi Avropa üzərində isti havanı saxlayaraq genişmiqyaslı quraqlığı daha da gücləndirib.
Quraqlıq nəticəsində Fransa, İspaniya, Almaniya və Böyük Britaniyanın bəzi bölgələrində çayların su səviyyəsinin azalması su təchizatı, suvarma və elektrik enerjisi istehsalına da mənfi təsir göstərib.