BAKI, 10 avqust. TELEQRAF
Qlazqoda keçirilən Birlik Oyunlarında iştirak edən Uqanda millisinin dörd boksçusu Böyük Britaniyadan vətənə qayıtmayıb və onların hazırda harada olduğu məlum deyil.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
İbrahim Kemiş, Emili Nakalema, Angel Katuşabe və komandanın kapitanı Nuhu Batte Uqandaya qayıtmalı olduqları təyyarəyə minməyiblər. Altı boksçudan ibarət komandadan yalnız iki idmançı ölkəsinə qayıdıb.
İdmançılardan biri Uqandanın “NBS Sport” nəşrinə onların daha yaxşı məşq imkanlarından yararlanmaq üçün Böyük Britaniyada sığınacaq istəmək niyyətində olduqlarını bildirib.
Uqanda nümayəndə heyətinin rəhbəri Qodvin Kayangve isə BBC-yə açıqlamasında boksçuların bu qərarının səbəbini bilmədiyini deyib.
“Bu, siyasi məsələ deyil, gender və ya buna bənzər hər hansı məsələ ilə əlaqəli deyil. Onların bunu niyə etdikləri barədə heç bir fikrim yoxdur”, - Kayangve bildirib.
“The Guardian”ın məlumatına görə, dörd boksçu yoxa çıxdıqdan sonra əvvəlcə Qlazqodakı boks zallarından birində olub, lakin hazırda onların Şotlandiyada olmadığı bildirilir.
Şotlandiya polisi idmançıların vətənə qayıtmaması ilə bağlı məlumatlı olduğunu və vəziyyəti qiymətləndirmək üçün Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Birlik Oyunlarından sonra yoxa çıxan yalnız Uqanda idmançıları deyil. Pakistanlı boksçu Qüdrətullah da komandasının vətənə qayıtdığı təyyarəyə minməyib. Rəsmilər onu axtarmaq üçün qaldığı yerə getdikdə boksçunun otağında olmadığını müəyyən ediblər.
Nəşr xatırladır ki, Böyük Britaniyada keçirilən iri beynəlxalq idman yarışlarından sonra bəzi xarici idmançıların ölkələrinə qayıtmaması əvvəllər də qeydə alınıb. 2002-ci ildə Mançesterdə keçirilən Birlik Oyunlarından sonra 27, 2014-cü ildə Qlazqodakı yarışlardan sonra 66, 2022-ci ildə Birminhemdə keçirilən Oyunlardan sonra isə 17 nəfərin Britaniyanı tərk etmədiyi təxmin edilir.