BAKI, 10 avqust. TELEQRAF
Çin istehsalı olan elektrik avtomobillərinin Avropada satışı rekord səviyyəyə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Schmidt Automotive Research” şirkətinin məlumatlarına istinadən “The Guardian” yazıb.
Araşdırmaya görə, 2026-cı ilin ilk beş ayında Çin brendlərinin Qərbi Avropanın elektrik avtomobilləri bazarındakı payı 14,2 faizə çatıb. Bu müddətdə 171 800 Çin istehsalı tam elektrik avtomobili (BEV) satılıb. Beləliklə, bölgədə satılan təxminən hər yeddi elektromobildən biri Çin brendinin payına düşüb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə Çin istehsalçılarının bazar payı təxminən 5 faiz bəndi artıb.
BYD, “Chery”, SAIC və “Xpeng” kimi Çin istehsalçıları Avropa bazarında mövqelərini sürətlə genişləndirirlər. Artım Avropa İttifaqının bəzi Çin elektromobillərinə standart 10 faizlik idxal rüsumundan əlavə 35,3 faizə qədər əlavə tarif tətbiq etməsinə baxmayaraq qeydə alınıb.
Çin elektromobillərinin Avropadakı ən böyük bazarı Böyük Britaniyadır. London Aİ-dən fərqli olaraq Çin avtomobillərinə əlavə gömrük rüsumları tətbiq etməyib. Böyük Britaniyanın 18 əsas Qərbi Avropa bazarında satılan Çin elektromobillərinin təxminən dörddə birini aldığı bildirilir.
İtaliyanın payına isə satışların təxminən beşdə biri düşüb. Araşdırmanın müəllifi Matias Şmidt bunu müəyyən dərəcədə anormal göstərici hesab edir. Buna səbəb “Leapmotor” şirkətinin dövlət subsidiyalarından yararlanmaq üçün ölkəyə minlərlə ucuz T03 elektromobili göndərməsi olub.
Çin avtomobil istehsalçıları bu il Avropa bazarında 120-dən çox müxtəlif model təklif ediblər. Avropa istehsalçılarında isə bu göstərici təxminən 100 model təşkil edib.
Bununla belə, Şmidt Çin şirkətlərinin tam elektrik avtomobilləri bazarındakı payının pik həddə yaxınlaşa biləcəyini düşünür. Onun fikrincə, Çin istehsalçıları yaxın dövrdə Aİ-nin əlavə tariflərinin hələlik şamil edilmədiyi “plug-in” hibrid avtomobillərə (PHEV) daha çox üstünlük verə bilərlər.
Məlumatlarda “Tesla”nın Avropa bazarında satışlarının yenidən yüksəldiyi də qeyd olunur. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb. Buna daha ucuz “Model 3” və “Model Y” versiyalarına tələbatın yüksəlməsi təsir edib. “Model Y” həmin dövrdə Avropada ən çox satılan fərdi avtomobil modeli olub.