BAKI, 4 avqust. TELEQRAF
Yaponiya hökuməti Kumamoto prefekturasında baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fondundan 24,2 milyard yen (təxminən 153 milyon ABŞ dolları) ayıracaq.
Teleqraf xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara açıqlayıb.
Onun sözlərinə görə, vəsaitin əsas hissəsi zərərçəkmiş ərazilərdə bərpa və qəza-xilasetmə işlərinə yönəldiləcək. Maliyyə həmçinin yolların və körpülərin bərpasına, zərərçəkənlər üçün müvəqqəti yaşayış yerlərinin yaradılmasına, eləcə də təxliyə mərkəzlərində ərzaq, çarpayı və digər zəruri ləvazimatların təmin edilməsinə sərf olunacaq.
Xatırladaq ki, iyulun 28-də Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib. Bu, son illərdə Yaponiyada qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur.
Son məlumata görə, təbii fəlakət nəticəsində 38 nəfər həlak olub, onlarla insan xəsarət alıb. Zəlzələ yaşayış evlərinə, avtomobil yollarına və körpülərə ciddi ziyan vurub.
Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə xilasedici və digər aidiyyəti qurumlarla yanaşı, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbçisi cəlb olunub.