BAKI, 5 avqust. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkə ordusunun Prezident Donald Trampın qərarlarını icra etmək üçün kifayət qədər silah və hərbi imkanlara malik olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Şon Parnell RİA Novosti agentliyinə bildirib.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri indiyədək Donald Trampın qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək üçün çoxsaylı uğurlu əməliyyatlar həyata keçirib.
"ABŞ ordusu prezidentin müəyyən edəcəyi vaxtda və məkanda tapşırıqları yerinə yetirmək üçün lazım olan bütün imkanlara malikdir", - Parnell vurğulayıb.
***
02:30
ABŞ Müdafiə Nazirliyinin əsas sursat ehtiyatları təhlükəli dərəcədə azalıb və bu vəziyyət Amerika hərbi rəhbərliyində ciddi narahatlıq yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarının kəskin azalmasının əsas səbəbi ABŞ-ın İranla müharibəsi olub.
Bildirilir ki, ABŞ müharibədən əvvəlki ehtiyatlarla müqayisədə THAAD hava hücumundan müdafiə sistemlərinin raketlərinin təxminən 80 faizini, "Patriot" zenit-raket kompleksləri üçün nəzərdə tutulan raketlərin isə təxminən yarısını istifadə edib.
CNN-in məlumatına əsasən, sursat çatışmazlığı məsələsi ötən həftə Prezident Donald Trampın İrana qarşı yeni zərbələrdən imtina etməsi ərəfəsində də müzakirə olunub. Mənbələr bildirirlər ki, yüksək rütbəli hərbi müşavirlər son həftələrdə azı ikinci dəfə dövlət başçısını əsas silah ehtiyatlarının kritik həddə azalması barədə xəbərdar ediblər.