BAKI, 1 avqust. TELEQRAF

Xalq şairi Nəriman Həsənzadə bu gün gecə saatlarında vəfat edib.

Bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

Qeyd edək ki, xroniki orqan çatmazlığından əziyyət çəkən Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş, süni nəfəs aparatına qoşulmuşdu.

Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun (indiki Ağstafa rayonu) Poylu qəsəbəsində anadan olub.

1953-cü ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsini bitirib, 1954-1956-cı illərdə hərbi xidmətdə olub. Daha sonra Moskvada Ali Ədəbiyyat kurslarında və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Nəriman Həsənzadə müxtəlif illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında, eləcə də 1976-1990-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1991-2001-ci illərdə isə Mətbuat və İnformasiya nazirinin birinci müavini olub. Sonrakı illərdə Milli Aviasiya Akademiyasında Humanitar fənlər kafedrasına rəhbərlik edib və Azərbaycan Ədəbiyyat Fondunun İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nəriman Həsənzadə müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri idi. Onun "Nəriman", "Bir az möhlət istəyirəm ömürdən", "Gəlimli-gedimli dünya", "Poylu beşiyim mənim", "Nuru Paşa", "Vətənsiz" və digər əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Yaradıcılığı və ictimai fəaliyyətinə görə Nəriman Həsənzadə Azərbaycanın Əməkdar incəsənət xadimi (1981), Xalq şairi (2005) fəxri adlarına layiq görülüb. O, "Şöhrət", "Şərəf", "İstiqlal" və "Heydər Əliyev" ordenləri, Heydər Əliyev Mükafatı (2017), "İlin şairi" mükafatı (2010) və digər yüksək dövlət təltifləri ilə təltif olunub.