BAKI, 12 iyul. TELEQRAF
Fransada anormal isti hava şəraiti səbəbindən çaylara yüksək temperaturlu suyun axıdılmasının qarşısını almaq məqsədilə üç nüvə reaktorunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Məlumata görə, Qaron çayının sahilində yerləşən Qolfeş Atom Elektrik Stansiyasının 2-ci reaktoru, Rona çayı sahilindəki Buje Atom Elektrik Stansiyasının 3-cü reaktoru və Maas çayı sahilində yerləşən Şu Atom Elektrik Stansiyasının 2-ci reaktoru söndürülüb.
Bununla yanaşı, daha səkkiz nüvə reaktorunun gücü azaldılıb.
Fransanın dövlət enerji şirkəti EDF bildirib ki, qərar atom elektrik stansiyalarından axıdılan isti suyun çay ekosistemlərinə mənfi təsirini minimuma endirmək məqsədi daşıyır.
Qeyd olunub ki, Fransada ümumilikdə 57 nüvə reaktoru fəaliyyət göstərir və onlar ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 70 faizini təmin edir. Soyutma prosesini asanlaşdırmaq üçün bütün atom elektrik stansiyaları çay və ya dəniz sahillərində yerləşir. Hər bir obyekt üçün isə suyun temperaturu ilə bağlı müəyyən edilmiş maksimal hədd mövcuddur.