BAKI, 12 iyul. TELEQRAF

Hindistan hökuməti Qətərin əmirinin atası Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 13-nü bir günlük milli matəm günü elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, matəm günü ölkə üzrə bütün dövlət binalarında Hindistanın dövlət bayraqları yarıyadək endiriləcək. Həmçinin bazar ertəsinə planlaşdırılan rəsmi əyləncə tədbirləri ləğv olunub.

Hindistanın Baş naziri Narendra Modi daha əvvəl Qətər əmirinin atasının vəfatı ilə bağlı başsağlığı verərək onu uzaqgörən lider və Hindistanın dostu adlandırmışdı.

Qeyd edək ki, Qətər Əmirliyinin dəftərxanasının yaydığı məlumata əsasən, Həməd bin Xəlifə Al Tani 75 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib. 2013-cü ilin iyununda isə könüllü şəkildə taxtdan imtina edərək hakimiyyəti oğlu, hazırkı əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib. Bundan sonra o, rəsmi olaraq əmirin atası titulunu daşıyıb.