BAKI, 12 iyul. TELEQRAF

Almaniya Ukrayna üçün 50 min zərbə tipli pilotsuz uçuş aparatının alınmasını maliyyələşdirəcək. Bu, Qərb ölkələrinin indiyədək həyata keçirdiyi ən iri dron tədarüklərindən biri hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, tədarükə Ukraynanın "SkyFall" şirkətinin istehsal etdiyi "Shrike" tipli FPV dronları daxildir. Pilotsuz uçuş aparatları ABŞ-nin "Auterion" şirkətinin hazırladığı, hərəkətdə olan hədəfləri avtonom izləməyə və vurmağa imkan verən proqram təminatı ilə təchiz olunub.

"Auterion" şirkəti müqavilənin həcmini təsdiqləyib və onun dəyərinin 90 milyon avro olduğunu açıqlayıb.

Bildirilib ki, sifariş edilən dronların bir hissəsi artıq Ukrayna hökumətinə çatdırılıb, qalan hissəsinin isə bu il ərzində təhvil verilməsi planlaşdırılır.