BAKI, 10 iyul. TELEQRAF

ABŞ Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri davam etdirsə də, zərurət yaranacağı təqdirdə İrana qarşı yeni zərbələr endirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələri yeni hərbi əməliyyatlar keçirmək üçün hazırlıq vəziyyətindədir. Bununla belə, Vaşinqton hələlik diplomatik kanallara üstünlük verməyə qərar verib.

Telekanalın həmsöhbəti bildirib ki, vəziyyət sürətlə dəyişir və İrana qarşı yeni zərbələrin endirilməsi ehtimalı istisna edilmir.

Xatırladaq ki, bundan əvvəl Reuters ABŞ administrasiyasındakı mənbəyə istinadən Vaşinqton və Tehran arasında texniki məsləhətləşmələrin davam etdiyini xəbər vermişdi.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında tərəflər döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan memorandum imzalasalar da, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.