BAKI, 26 avqust. TELEQRAF
ABŞ administrasiyası Kanadadan idxal olunan məhsullara gömrük rüsumlarını daha da artırmaq və əlavə ticarət məhdudiyyətləri tətbiq etmək imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Ottavanın gələn aydan ABŞ məhsullarına cavab rüsumları tətbiq etmək qərarına qarşı yeni ticarət tədbirlərinin elan edilməsini müzakirə edir.
“Bloomberg” qeyd edir ki, Vaşinqtonun belə addım atması ABŞ və Kanada arasında ticarət müharibəsinin əhəmiyyətli dərəcədə kəskinləşməsi riskini yaradır.
ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir ötən həftə Kanadanın Vaşinqtonun əlverişli hesab etdiyi ikitərəfli ticarət razılaşmasından imtina etdiyini açıqlamışdı. Bundan sonra avqustun 22-də Kanadadan idxal edilən bəzi məhsullara ABŞ-nin 50 faizlik gömrük rüsumları qüvvəyə minib.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ ilə ticarət danışıqlarının dayandırıldığını təsdiqləyib və Ottavanın cavab rüsumları tətbiq edəcəyini bildirib. Həmin tariflərin sentyabrın 8-də qüvvəyə minməsi planlaşdırılır.
ABŞ Prezidenti Donald Tramp, həmçinin 2027-ci il yanvarın 1-dən Kanada avtomobilləri, avtomobil ehtiyat hissələri və poladına 50 faizlik rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb.