BAKI, 26 avqust. TELEQRAF

İran və Oman Hörmüz boğazının birgə idarə olunması mexanizmi ilə bağlı danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Onun sözlərinə görə, danışıqların 30 gündən 60 günədək davam etməsi nəzərdə tutulur. Bu müddət ərzində tərəflər Hörmüz boğazından keçid üçün yeni daimi marşrut barədə də razılığa gəlməlidirlər.

Qəribabadi bildirib ki, ikitərəfli razılaşmaya əsasən, Fars körfəzinə giriş İran suları, çıxış isə Omanın ərazi suları vasitəsilə həyata keçiriləcək. Razılaşdırılmış tranzit dəhlizinin eninin 7 mil olduğu qeyd edilib.

“ABŞ və digər ölkələr bilməlidirlər ki, Hörmüz boğazı İranla razılaşma olmadan açılmayacaq”, - nazir müavini vurğulayıb.

İran rəsmisi, həmçinin Hörmüz boğazının hazırda bağlı olduğunu və İranın ona tam nəzarət etdiyini iddia edib. O, gəmilərin boğazdan keçməsi barədə məlumatları əsassız adlandırıb.

Qəribabadi ABŞ Prezidenti Donald Trampın boğazın minalardan təmizlənməsi ilə bağlı açıqlamasını da təkzib edərək bunu “boş sözlər” adlandırıb.