BAKI, 26 avqust. TELEQRAF

Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə "News.am" portalı vəkil Aleksandr Koçubayevə istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, Sedrak Köçəryan həbsdə olduğu müddətdə yalnız həyat yoldaşı və uşaqları ilə görüşə biləcək.

Ermənistanın Antikorrupsiya Komitəsi daha əvvəl xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə aparılan cinayət işi çərçivəsində saxlanılan altı nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edib.

İstintaq çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın digər oğlu, “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın mənzilində, həmçinin ailə ilə əlaqəli şirkətlərdə axtarışlar aparıblar.

Bundan əvvəl Ermənistan Baş Prokurorluğu keçmiş prezident Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi başlandığını açıqlayıb.

Cinayət işində Ermənistanın digər keçmiş prezidenti Serj Sarkisyanın da adı keçir. O, Robert Köçəryanın prezidentliyi dövründə müdafiə naziri vəzifəsində çalışıb.

***

08:10

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryanın tərəfdarları İrəvanda Antikorrupsiya Məhkəməsinin binası qarşısına toplaşıblar.

Teleqraf xəbər verir ki, bu barədə TASS-ın İrəvandakı müxbiri məlumat yayıb.

Bildirilib ki, bir neçə onlarla insan Sedrak Köçəryan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan məhkəmənin qarşısına gəlib. Məhkəmə iclasının üç saatdan çoxdur davam etdiyi qeyd olunub.

Ermənistanın Antikorrupsiya Komitəsinin daha əvvəl yaydığı məlumata görə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə aparılan cinayət işi çərçivəsində avqustun 25-də saxlanılan altı nəfərin həbs edilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.

İstintaq çərçivəsində Robert Köçəryanın digər oğlu, “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın mənzilində, həmçinin Köçəryan ailəsi ilə əlaqəli şirkətlərdə axtarışlar aparılıb.

Qeyd edək ki, avqustun 25-də Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi başlandığını açıqlayıb.

İşdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın da adı keçir. Sarkisyan Robert Köçəryanın prezidentliyi dövründə müdafiə naziri vəzifəsində çalışıb.