BAKI, 26 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə dinc nüvə energetikası sahəsində bağlanmış sazişi baxılması üçün Konqresə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, Vaşinqton Ər-Riyadla dinc nüvə proqramı üzrə əldə olunan razılaşmanı Konqresə göndərib.

“Reuters” mənbələrinə istinadən bildirir ki, ABŞ administrasiyası razılaşmanın həyata keçirilməsini Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulması ilə əlaqələndirməyə davam edir. Həmin sazişlər krallığın İsraillə münasibətlərini normallaşdırmasını nəzərdə tutur.

ABŞ Energetika Nazirliyi iyulun 22-də Vaşinqton və Ər-Riyad arasında Səudiyyə Ərəbistanının dinc nüvə proqramının dəstəklənməsinə dair razılaşma əldə olunduğunu açıqlamışdı.

Sənədin bir neçə onilliyi əhatə edəcəyi və ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə energetikasının inkişafı proqramında iştirak üçün geniş imkanlar yaradacağı bildirilmişdi.

Donald Tramp isə bir gün sonra razılaşmanın həyata keçirilməsi üçün Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulmasının vacib olduğunu, həmçinin sənədin nüvə materialının zənginləşdirilməsini nəzərdə tutmadığını bildirmişdi.