BAKI, 26 avqust. TELEQRAF

Yaponiya hökuməti Yaxın Şərqdə Hörmüz boğazından yan keçməklə neft tədarükünə imkan verəcək alternativ neft kəmərlərinin tikintisini dəstəkləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, məsələ Yaponiyanın enerji sabitliyinin təmin olunması planına daxil ediləcək. Sənədin avqustun 26-da hökumətin iclasında rəsmən təsdiqlənəcəyi gözlənilir.

“Nikkei” nəşrinin məlumatına görə, planı ölkənin Baş naziri Sanae Takaiti şəxsən təqdim edəcək. Alternativ neft kəmərlərinin yaradılması istiqamətində çalışan ölkələr arasında Səudiyyə Ərəbistanının da adı çəkilir və Tokionun bu təşəbbüslərə dəstək verəcəyi bildirilir.

Dəstək tədbirləri çərçivəsində alternativ marşrutlarla neft alan emal müəssisələri və digər şirkətlərin logistika xərclərinin bir hissəsinin subsidiyalar hesabına kompensasiya olunması nəzərdə tutulur. Bundan başqa, belə tədarüklər üçün müəyyən sığorta mexanizmlərinin yaradılması planlaşdırılır.

Enerji sabitliyi planına neft-kimya sənayesi üçün mühüm xammal olan naftanın istehsalında istifadə ediləcək neft ehtiyatlarının yaradılması da daxildir.

Qeyd olunur ki, Yaponiya son illərdə neft idxalının 90 faizdən çoxunu Yaxın Şərq ölkələrindən təmin edib və bu həcmin əhəmiyyətli hissəsi Hörmüz boğazından daşınıb.