BAKI, 25 avqust. TELEQRAF
Yunanıstan Sahil Mühafizəsi Krit adası yaxınlığında iki qayıqda 84 qanunsuz miqrant aşkarlayaraq sahilə çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə ERT telekanalı məlumat yayıb.
Bildirilib ki, əməliyyat Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) helikopterinin Krit sahillərində, Kales Limenes ərazisində iki qayıq aşkar etməsindən sonra başlayıb.
Aparılan yoxlamalar zamanı qayıqlardan birində 30, digərində isə 54 nəfərin olduğu müəyyənləşib. Miqrantlar şəxsiyyətlərinin müəyyənləşdirilməsi və lazımi yardımın göstərilməsi üçün Heraklion limanına aparılacaq.
Sənədləri olmayan miqrantların yaxın vaxtlarda Yunanıstanın materik hissəsinə göndərilməsi və orada qapalı, mühafizə olunan müvəqqəti saxlama mərkəzlərində yerləşdirilməsi nəzərdə tutulur.