BAKI, 26 avqust. TELEQRAF

ABŞ-nin Kubaya qarşı ticarət-iqtisadi embarqonu daha bir il uzatması Vaşinqtonun bütöv bir xalqı boğmaq cəhdinin göstəricisidir.

Teleqraf xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya “X” sosial şəbəkəsində bildirib.

“Düşmənlə Ticarət Aktı” adlanan qanunun qüvvəsinin 2027-ci ilin sentyabrınadək uzadılması sadəcə adi inzibati qərar deyil. Bu, Vaşinqtonun bütöv bir xalqı boğmaq cəhdini inadla davam etdirdiyinin təsdiqidir”, – nazir qeyd edib.

Rodriqes Parrilyanın sözlərinə görə, qərar ABŞ-nin son illərdə Kubaya qarşı təzyiqlərinin ən sərt dövründə qəbul edilib.

“Kuba ABŞ hökumətinin tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə blokadasının daha bir il uzadılmasını ən qəti şəkildə pisləyir”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ avqustun 25-də Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini daha bir il uzadıb. ABŞ Prezidenti Donald Trampın Federal Reyestrdə dərc olunan qərarında məhdudiyyətlərin uzadılmasının “Birləşmiş Ştatların milli maraqlarına cavab verdiyi” bildirilib.

Sentyabrın 14-də başa çatmalı olan embarqonun müddəti 2027-ci il sentyabrın 14-dək uzadılıb.