BAKI, 26 avqust. TELEQRAF

Bu gün Laçın Şəhəri Günüdür.

Teleqraf xəbər verir ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altına keçib.

Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib.

Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.

Prezidentin 2022-ci ilin bu günü paylaşdığı mətndə qeyd edilirdi: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb.

Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.