BAKI, 26 avqust. TELEQRAF

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmalar Fars körfəzi regionundakı problemlərin bölgə ölkələri tərəfindən həllinin nümunəsidir.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Yeni dəhlizin yaradılması, Omanla əməkdaşlıq çərçivəsində minalardan təmizlənməsi və Hörmüz boğazının gələcək idarəçiliyi üçün təklif olunan struktur regional həll yollarının nümunəsidir”, – nazir deyib.

Əraqçinin sözlərinə görə, son vaxtlar Tehrana səfər edən Pakistan və Oman nümayəndələri ilə keçirilən görüşlərdə də problemlərin məhz region ölkələrinin iştirakı ilə həllinə xüsusi diqqət yetirilib.

İran XİN rəhbəri vurğulayıb ki, Tehranın sülh və sabitliyə sadiqliyi qonşu dövlətlərlə davamlı diplomatik fəaliyyətlə paralel şəkildə həyata keçirilir.

Qeyd edək ki, daha əvvəl İran və Oman Hörmüz boğazında birgə idarə ediləcək müvəqqəti dəniz dəhlizinin yaradılması, həmçinin daimi dəhlizin müəyyənləşdirilməsi üçün texniki danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

Tehran, həmçinin təhlükəsiz gəmiçiliyin təmin edilməsi və məlumat mübadiləsi məqsədilə Omanla birlikdə Fars körfəzinin ərəb ölkələri ilə görüşlər keçirməyə hazır olduğunu açıqlayıb.