BAKI, 26 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilər ərəfəsində Texas ştatının Dallas şəhərində keçiriləcək Respublikaçılar Partiyasının qurultayında proqram xarakterli çıxış edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 9-10-da keçiriləcək qurultayın hər iki günündə Donald Trampın müxtəlif formatlarda çıxışları gözlənilir. Tədbir ABŞ Prezidentinin əsas proqram xarakterli nitqi ilə başa çatacaq.
Qurultayın ilk gününün sonunda isə ABŞ-nin vitse-prezidenti Cey Di Vens iştirakçılar qarşısında çıxış edəcək.
Tramp iyunun 30-da Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilər öncəsi ilk dəfə belə qurultay keçirəcəyini açıqlamışdı. Tədbirin əsas məqsədlərindən biri Tramp administrasiyasının, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirdiyi tədbirlərə diqqət çəkmək olacaq.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.
Hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarət edir.