BAKI, 26 avqust. TELEQRAF
ABŞ və Nigeriya təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirib, amerikalı hərbçilər nigeriyalı həmkarlarına pilotsuz uçuş aparatlarının idarə edilməsi də daxil olmaqla xüsusi hazırlıq keçməyə başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Nigeriyanın “Channels” telekanalı ABŞ-nin Nigeriyadakı hərbi kontingentinin nümayəndəsi, kapitan Qabriel Faynqolda istinadən məlumat yayıb.
Bildirilib ki, təlimlər üçün Bauçi ştatında xüsusi bazalar yaradılıb. Proqram Nigeriya ordusunun döyüş qabiliyyətinin artırılmasına yönəlib.
Hazırlıq proqramına pilotsuz uçuş aparatlarının idarə olunması ilə yanaşı, ərazilərin minalardan təmizlənməsi, kiçik qruplarla döyüş taktikası, maskalanma vasitələrindən istifadə və kəşfiyyat məlumatlarının toplanması daxildir. İlk növbədə Nigeriya Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin hərbçiləri təlimlərə cəlb olunublar.
ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Daqvin Anderson iyulda bildirmişdi ki, Çad gölü bölgəsində birgə antiterror əməliyyatları üçün Nigeriyaya göndərilən amerikalı hərbçilərin əksəriyyəti ölkədən çıxarılıb. Bununla belə, kəşfiyyat məlumatlarının mübadiləsi və təhlükəsizlik sahəsində digər əməkdaşlıq istiqamətləri davam etdirilir.
ABŞ martın 21-də Nigeriyanın şimal-şərqində antiterror əməliyyatlarının gücləndirilməsi məqsədilə ölkəyə pilotsuz uçuş aparatları və 200 hərbçi göndərmişdi. Göndərilən texnika arasında “MQ-9 Reaper” kəşfiyyat PUA-ları da olub.
Müşahidəçilərin fikrincə, Vaşinqtonun əsas məqsədlərindən biri qonşu Nigerdəki analoji bazadan məhrum olduqdan sonra Sahel bölgəsində vəziyyəti izləmək üçün Nigeriyanın şimal-şərqində kəşfiyyat PUA-ları üçün baza yaratmaqdır.