BAKI, 8 iyul. TELEQRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni İslamabad qarşılıqlı anlaşma memorandumunun müddəalarını kobud şəkildə pozmaqda günahlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Qalibafın sözlərinə görə, ABŞ tərəfindən yol verilən əsas pozuntular sırasında İran gəmilərinin Hörmüz boğazından keçidinə maneələrin yaradılması, hərbi əməliyyatların bərpası ilə bağlı davamlı təhdidlər, neft sanksiyalarının yenidən tətbiqi, İsrailin Livana qarşı əməliyyatlarının davam etməsi və İranın cənub bölgələrinə endirilən zərbələr yer alır.

İran parlamentinin sədri qeyd edib ki, bu addımlar İslamabad memorandumunun ruhuna və öhdəliklərinə ziddir.

“Qorxutma və təzyiq dövrü başa çatıb. İranı şantaj etməyə yönəlmiş cəhdlər heç bir nəticə verməyəcək”, – deyə Qalibaf vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücum etdiyini iddia edərək ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını açıqlamışdı.