BAKI, 14 iyun. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinlə Donald Tramp arasında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün görüşün baş tutma ehtimalını qiymətləndirməyin hələlik çətin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev "RİA Novosti" agentliyinə müsahibəsində danışıb.
Diplomat xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp 2017 və 2019-cu illərdə keçirilən APEC sammitləri çərçivəsində görüşüblər. Lakin onun sözlərinə görə, 2026-cı ildə də analoji görüşün baş tutub-tutmayacağı hələ məlum deyil.
Berdıyev qeyd edib ki, belə bir görüşün keçirilməsi üçün tərəflərin dialoqa və kompromislərə hazır olması vacibdir.
“Hazırkı mərhələdə bunun yenidən təkrarlanıb-təkrarlanmayacağını proqnozlaşdırmaq çətindir. Çünki beynəlxalq vəziyyət kifayət qədər həssas və qeyri-sabit olaraq qalır”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin noyabrın 18-19-da Çində keçirilməsi planlaşdırılır.