BAKI, 12 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşma barədə verdiyi açıqlama İsrailin Baş naziri Benyamin Netanyahu üçün gözlənilməz olub.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, Tramp cümə axşamı İrana qarşı bombardmanların dayandırıldığını və yaxın vaxtlarda razılaşmanın imzalanması ilə bağlı açıqlama verəcəyini bildirib. ABŞ prezidenti yekun şərtlərin bütün tərəflərlə, o cümlədən İsraillə razılaşdırıldığını iddia edib.

Lakin "Axios"un məlumatına əsasən, Netanyahu Trampın bu bəyanatından əvvəl məlumatlandırılmayıb.

“Netanyahu əvvəlcədən xəbərdar edilməmişdi və Trampın İranla razılaşma barədə ilk açıqlaması onun üçün gözlənilməz oldu”, - deyə nəşrdə vurğulanıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl İranla mümkün sazişin bu həftəsonu Avropada imzalana biləcəyini istisna etməmişdi.

Rəsmi Təl-Əviv isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.