BAKI, 12 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə İranla bağlı əldə olunan razılaşmaları müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu Trampa yekun razılaşmaya İran ərazisindən zənginləşdirilmiş uranın çıxarılması, uranın zənginləşdirilməsi infrastrukturunun ləğvi, raket istehsalının məhdudlaşdırılması və Tehranın regiondakı silahlı qruplara dəstəyinin dayandırılması ilə bağlı müddəaların daxil ediləcəyinə dair vədinə görə təşəkkür edib.

Bildirilib ki, telefon danışığı zamanı Tramp İranla aparılan danışıqlar üçün əsas kimi nəzərdə tutulan razılaşmalar barədə Netanyahuya məlumat verib. İsrail həmin razılaşmaların tərəfi olmasa da, Baş nazir ABŞ prezidentinin mövqeyini yüksək qiymətləndirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl İranla münaqişənin dayandırılması ilə bağlı razılaşmaları, o cümlədən Benyamin Netanyahu ilə müzakirə etdiyini açıqlamışdı.