BAKI, 12 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması variantını daha ciddi şəkildə nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evdəki mənbələrə əsasən məlumat yayıb.

İddialara görə, Hörmüz boğazının bağlı qalması və Tehranın Vaşinqtona ciddi güzəştlərə getməməsi Trampın narazılığını artırır.

Mənbələrin sözlərinə görə, ABŞ prezidenti bunu İran hakimiyyəti daxilində fikir ayrılığı ilə əlaqələndirir.

CNN yazır ki, Ağ Evdə İranla bağlı fərqli mövqelər mövcuddur. Administrasiyanın bir hissəsi Tehranın zəiflədilməsi məqsədilə İrana zərbələrin endirilməsini dəstəkləyir, digər qrup isə diplomatik səylərin davam etdirilməsinin tərəfdarıdır.

Məlumata görə, Trampın ətrafındakı bəzi şəxslər ABŞ-İran danışıqlarında vasitəçi rolunu oynayan Pakistanın Vaşinqtonun mövqeyini İrana daha dəqiq çatdırmasını istəyir.

Ağ Evdə hesab olunur ki, Pakistan vasitəçiləri bəzən İranın mövqeyini ABŞ-yə olduğundan daha müsbət formada təqdim edir.

Telekanal qeyd edib ki, Donald Trampın bu həftə Çin səfərinə qədər İranla bağlı yekun qərar qəbul etməsi ehtimalı azdır.