BAKI, 27 iyun. TELEQRAF
Fransada davam edən anomal isti hava şəraiti fonunda həyatını itirən uşaqların sayı dördə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, sonuncu qurban hipertermiya əlamətləri ilə avtomobildə aşkarlanan 18 aylıq uşaq olub.
Bundan əvvəl də Fransada avtomobillərdə bağlı vəziyyətdə qalan üç uşağın isti hava səbəbindən həyatını itirdiyi bildirilmişdi.
Nəşr həmçinin qeyd edib ki, ölkədə isti hava şəraiti ilə əlaqədar çimərliklərdə və su hövzələrində baş verən hadisələr nəticəsində ölənlərin sayı 55 nəfəri keçib.
Qeyd edək ki, Avropada müşahidə olunan isti hava dalğası bir sıra ölkələrdə rekord temperatur göstəricilərinə səbəb olub. İyunun 24-də Böyük Britaniyada son 50 ilin iyun ayı üzrə yeni istilik rekordu qeydə alınıb və havanın temperaturu 36 dərəcəyədək yüksəlib.