BAKI, 27 iyun. TELEQRAF

Gürcüstan polisi narkotik vasitələrin qaçaqmalçılığı, saxlanılması və satışı ittihamı ilə aralarında Gürcüstan, Türkiyə və Yaponiya vətəndaşlarının da olduğu səkkiz nəfəri saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına əsasən, şübhəlilərdən bir qismi narkotik vasitələrin "zakladka" üsulu ilə yayılması ilə məşğul olub. Əməliyyat tədbirləri zamanı polis onların satış məqsədilə gizlətdiyi narkotik vasitələrin saxlandığı yerləri aşkar edib.

İstintaq hesab edir ki, digər təqsirləndirilən şəxslər beynəlxalq narkotik tədarükü kanalının təşkilində iştirak ediblər. Hüquq-mühafizə orqanlarının versiyasına görə, narkotik vasitələr xaricdən şübhəlilərin adına rəsmiləşdirilmiş poçt bağlamaları vasitəsilə Gürcüstana göndərilib.

Bağlamalar polisin sorğusu əsasında gömrük əməkdaşları tərəfindən ələ keçirilib.