BAKI, 27 iyun. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla əldə olunan çərçivə sazişini İran üçün ciddi zərbə kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, həmçinin təhlükəsizlik səbəblərini əsas gətirərək İsrail qoşunlarının hələlik Cənubi Livandan çıxarılmayacağını bildirib. Netanyahunun sözlərini "Ynet" portalı yayıb.
Baş nazir qeyd edib ki, uzun sürən danışıqlar nəhayət nəticə verib: "Ən vacib məqam İsrailin Cənubi Livandakı təhlükəsizlik zonasında qalmasıdır. Bu, böyük nailiyyətdir və "Hizbullah" silahsızlaşdırılana, həmçinin İsrail dövlətinə təhlükə qalana qədər bunu qoruyacağıq".
Netanyahu sazişin İranın bölgədəki təsirinə də zərbə vurduğunu iddia edib:
"Əslində İsrail, Livan və ABŞ İrana deyir ki, bu sizin işiniz deyil. Biz təhlükəsizlik zonasını qoruyuruq və Livan ordusunun əraziyə nəzarəti bərpa etməsinə şərait yaradırıq", - deyə o bildirib.
Baş nazir əlavə edib ki, İsrail Ordusunun tövsiyəsi ilə Cənubi Livanda iki pilot zona yaradılacaq.
Qeyd edək ki, iyunun 26-da ABŞ dövlət katibi Marko Rubio, İsrailin Vaşinqtondakı səfiri Yexiel Leyter və Livanın Vaşinqtondakı səfiri Nada Həmmadə-Muavvad tərəflər arasında əldə olunmuş çərçivə sazişini elan ediblər. Onların sözlərinə görə, sənəd İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" hərəkatı arasında münaqişədən sonra sülhə aparan yolun əsasını qoyur.