BAKI, 27 iyun. TELEQRAF

“Duyğular möhtəşəmdir. Ən çox istədiyim şeyi əldə etdim”.

Teleqraf xəbər verir ki, bunu azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev Bakıda keçirilən “UFC Fight Night” turnirində braziliyalı Ceferson Nasimentoya qalib gəldiyi döyüşdən sonra mətbuat konfransında deyib.

29 yaşlı idmançı rəqibinin gec müəyyənləşdiyini bildirib:

“Bu döyüşə çoxdan hazırlaşırdım. Amma rəqibim bir həftə əvvəl açıqlandı. Çünki onu qısa müddətdə tapdılar. Mən isə təxminən üç həftə əvvəl döyüşəcəyimi bilirdim”.

Abdullayev ona dəstək olan hər kəsə təşəkkür edib:

“Bütün Azərbaycana, azarkeşlərə, dostlarıma, Ruslan müəllimə, onun komandasına və hamıya təşəkkürümü bildirirəm”.

Döyüşçü qarşılaşma zamanı rəqibinə dediyi sözləri də açıqlayıb:

“Birinci və ikinci raundların arasında ona dedim ki, qaçma, gəl ringin ortasında döyüşək. Əlimi qaldırandan sonra rəqibimin məşqçisi mənə sərt baxırdı. Mən də ingilis dilində bildiyim qədər ona başa saldım ki, yaxınlaşsın, bəlkə onu da indi yerə sərdim”, - deyə Abdullayev gülərək bildirib.