BAKI, 27 iyun. TELEQRAF

ABŞ 2038-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunun icraçı direktoru Endryu Culiani BBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələcəkdə dünya çempionatında 64 komandanın iştirakı mümkün olarsa, ABŞ belə bir turniri qəbul etmək imkanına malikdir.

"Düşünürəm ki, ABŞ bunun öhdəsindən gələ bilər. Lakin əvvəlcə iyulun 19-da başa çatacaq hazırkı dünya çempionatını uğurla yekunlaşdırdığımıza əmin olmalıyam. Bundan sonra 2038-ci il və ya digər planlarla bağlı danışmaq olar", - deyə Culiani vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Turnirdə tarixdə ilk dəfə 48 milli komanda iştirak edir və yarış iyulun 19-da başa çatacaq.