BAKI, 27 iyun. TELEQRAF
Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının qrup mərhələsində İordaniya yığmasına qarşı oyunda start heyətində yer almayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Argentina millisinin baş məşqçisi Lionel Skaloni məlumat verib.
Onun sözlərinə görə, Messi qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq və ikinci hissədə meydana daxil olacaq.
"Leo Messi matça ehtiyat oyunçular skamyasında başlayacaq. O, ikinci hissədə oyuna qoşulacaq", - deyə Skaloni bildirib.
J qrupunun III turu çərçivəsində keçiriləcək Argentina – İordaniya oyunu iyunun 28-də ABŞ-nin Texas ştatının Arlinqton şəhərində baş tutacaq.
Argentina millisi ilk iki oyunda 6 xal toplayaraq vaxtından əvvəl qrup lideri kimi pley-off mərhələsinə vəsiqəni təmin edib. Messi Əlcəzair üzərində 3:0 hesablı qələbədə het-trik edib, Avstriya ilə matçda isə iki qol vurub.
Qeyd edək ki, argentinalı ulduz daha əvvəl dünya çempionatları tarixində vurduğu qolların sayını 18-ə çatdıraraq almaniyalı Miroslav Klozenin rekordunu geridə qoyub.