BAKI, 27 iyun. TELEQRAF
“Şeyvər dağının vəhşi qayalıqlarında ifa edilən opera insana çox qəribə gəlirdi”
Teleqraf Azərbaycan Cümhuriyyəti zabitlərindən Yavər Şəkilinin xatirələrinin ikinci hissəsini təqdim edir.
General Davud Yadigar bəyin qüvvələri Qarabağdan Tərtər-Bərdə cəbhəsinə gəldiyi zaman mükəmməl təsir bağışlayırdı: alaylar tam heyətdə idi (alaylardan birinin komandiri olan S. Rəhimbəyli öz alayının 3.000 süngüdən ibarət olduğunu bildirmişdi), əsgərlər yeni alınmış italyan formaları geyinmişdilər və ikinci Qarabağ yürüşü kimi bir təcrübəyə malik idilər. Süvari Tatar alayı da tam idi. Top hərbi vahidi bir diviziondan az deyildi, əlavə olaraq dağ batareyası və Şəki alayının iki topu da vardı.
Bir sözlə, on min nəfərlik nizamlı hərbi qüvvə mövcud idi. Amma bütün bu qüvvə iki-üç günlük müharibə üçün kifayət etmədi!?.. Yalnız birinci süvari Tatar alayı öz vətəni və hərbi vəzifəsini şərəflə yerinə yetirə bildi. Digər alaylar isə mart qarı kimi iki gündə əridilər! Həm də mənəviyyatı bizzat azərbaycanlılar tərəfindən qırılmış olan düşmən qarşısında əridilər.
“Ağdam panika içində idi”
Alayların mollalarından biri bolşeviklərin xeyrinə apardığı təbliğat ilə əsgərlərin ruhunu pozurdu. Bu bir həqiqət idi, amma görəsən, vaxtında onun qanadlarını kəsmək mümkün olmazdımı? Piyada alaylarının komandanlığı əsgərlərin ruhi və mənəvi tərbiyəsini laqeyd yanaşmışdılar. Bu cəhət çox mühümdür. Əsgərin mənəviyyatı və ruhu zahirindən daha çox diqqət tələb edir. Ruhi tərbiyəsi qüvvətli mənəvi əsaslara dayanmayan bir ordu əsgər forması geyinmiş aktor kütləsindən başqa bir şey deyildir. Belə bir ordu həqiqi döyüş meydanlarının sərt sınaqlarına tab gətirə bilməz.
Öz komandiri (!) tərəfindən belə başlı-başına buraxılmış olan süvari alayı 11 iyun gecəsi cəbhəni tərk edərək Ağdama doğru çəkildi və səhər tezdən oraya çatdı. Ağdam tam bir panika içində idi. Piyada taborlarından biri pulemyot bölüklərini tamamilə buraxaraq getmişdi. Şəki alayından K. və süvari alayından A. (pulemyotçu) adlı iki zabit yerli əhalinin köməyi ilə bu pulemyotları axtarıb tapmış, lakin apara bilmədikləri üçün sıradan çıxararaq buraxmışdılar.
Ağdam üzərində uçan bolşevik təyyarəsi panikanı daha da artırırdı. Məscid minarəsinə çıxan molla var gücü ilə qırmızı bayraq yelləməklə məşğul idi. Qadınlar və uşaqlar piyada olaraq qaçırdılar. Ayaqsız bir əlilin əlləri ilə “qaçmaqda” olduğunu da gördük. Bilmirəm, bu zavallı hara qədər “qaça” bilərdi?
Hamı Ağdamın cənubundakı çaya tərəf qaçırdı.
Çayın arxasındakı alay Şəki alayının leytenantı K.-nin komandanlığı altında 10 süvari mühafizəçi buraxaraq deyilənə görə qərargahın vardığı Qarabulağa (Qaryaginə) çəkilməyə başladı. Öhdəsinə buraxılan vəzifəni icra etdikdən sonra leytenant K. də günortadan sonra alaya qoşulmaq üçün yola düşdü.
Yolda tərk edilmiş səhra batareyası tapdı, lakin onsuz da yorğun olan atlarla bu batareyanı apara bilmədi (on bir at var idi, halbuki 24 at lazım idi). Bu batareya niyə buraxılmışdı? Çayın bu tərəfinə bolşeviklər hələ keçə bilməmişdilər. Buraya qədər gəldikdən sonra bu batareyanın komandiri tam təhlükəsizliklə irəliyə də apara bilərdi; xüsusən də arxasınca öz əsgərləri — süvari alayı gəlməkdə idi. Görünür, mənəvi düşkünlük burada da özünü göstərmişdi.
Axşama yaxın süvari Tatar alayı Qarabulağa yetişti. Qüvvələrin qalan hissəsi də burada idi. Hətta alay komandiri polkovnik (miralay) Sofiyev də burada idi və yenidən alayın başına keçmişdi. Gecəni Qarabulaqda qalan ordu səhər tezdən iyunun 12-də Cəbrayıla doğru hərəkət etdi. Qərargah və onunla birlikdə piyada alaylarının komandirləri də İran sərhədinə, oradan da onlarla birlikdə olan Nuru paşanın tövsiyəsi ilə Türkiyəyə doğru yola düşdülər.
Hələ Qarabulaqda ikən süvari alayının zabitləri bir yığıncaq keçirərək keçmişi, mövcud vəziyyəti və gələcəyi müzakirə etmişdilər: məmləkət qırmızı ordu tərəfindən işğal edilmişdir. Əhali qırmızı təbliğatçılar tərəfindən qorxu altına alınmış, ordu isə artıq mövcud deyildir — hərçənd hələ iki gün əvvəlinə qədər ordunun qorunub saxlanacağına, hətta istiqlaliyyətin yenidən bərpa olunacağına böyük ümid var idi. Hökumət də artıq yoxdur — hakimiyyət komunistlərin əlindədir. Piyada alaylarının dağılması, o vaxta qədər öz ordusuna dərin bir inam bəsləyən xalqın ruhunu tamamilə sarsıtmışdı.
Yalnız bir süvari alayı qalırdı. O nə etməli idi? Əhali arasında qalmaqla o, bolşeviklərin əhaliyə olan nifrətini daha da artırmış olardı. Bəziləri alayının dağıdılmasını və hər bir nəfərin ev-eşiyinə dönməsini təklif edirdi. Lakin əksəriyyət bu təklifin əleyhinə çıxdı. Onlar dedilər ki, hər şeyin məhv olmasına rəğmən yenə də bir şey — əsgərin - vətənpərvərin vəzifəsi qalmışdır və daima da qalmalıdır. Yığıncaq əsgərlərin də rəyini öyrənməyi qərara aldı.
Alayın yarıdan çoxu ləzgilərdən ibarət idi (Quba ləzgiləri birinci süvari Tatar alayına qəbul olunurdular). Alayda iki dağlı zabit də vardı ki, biri Şəki alayından qoşulmuşdu. Bu dağlılardan yaşlı olanı yüzbaşı Y. A., ləzgi süvarilərdən bu cavabı aldı: “Vəziyyət nə şəkildə olursa-olsun, biz böyüklərimizin əmrinə tabe olmağa davam edəcəyik”.
Azərbaycan türklərindən olan süvarilərə isə alayın ən tanınmış zabitlərindən, üçüncü bölüyün komandiri, cahan hərbinin ən qəhrəman zabitlərindən, azərbaycanlı baş leytenant O. G. bəy müraciət etdi. Əsgərlər bir səslə cavab verdilər: “Əmr verməyə davam edin — biz hər zaman sizinləyik”.
Beləliklə alay düşmən önündən qaçmağa deyil, əsgər şərəfi ilə yaşamağa qərar verdi. Bu qərarı ilə alay özünü Azərbaycanın gələcək tarixi üçün qorumuş oldu. 32 kişidən ibarət Şəki alayının qalıqları isə burada tamamilə birinci süvari alayına qarışdı. Süvari Şəki və birinci Tatar alaylarının tarixi Azərbaycan əsgərinin şərəflə verdiyi imtahandan ibarətdir. Yetər ki, onun mənəvi ehtiyaclarını müəllimi (komandiri) ehmal etməsin. Əsgərin mənəvi ehtiyacı, ruhumu? Əsgərin tərbiyəsindən bəhs edərkən çox böyük əhəmiyyəti olan bir məsələ üzərində durmaqdan özümüzü saxlaya bilmirik.
Üçüncü süvari Şəki alayının bir neçə ön zabitindən içkiyə meyil baxımından ən fərqlənənləri üç nəfər idi: baş leytenant S. Z., leytenant K. və leytenant M. İşğalçı qüvvə ilə toqquşmalarda alay qismən məhv, qismən də dağıldıqdan sonra bütöv halda üç zabit və 22 nəfər qaldı (bunlara sonradan zabit S. də qoşuldu ki, o da içki istifadə etməzdi). Budur, alay dağıldıqdan sonra vəzifə başında qalmağa davam edən bu dörd zabitin hamısı içki istifadə etməyən zabitlər idilər. Topları, pulemyotları, silahları və s. qoruyan və Bərdə səfərini təşkil edən baş qərargah (ərkanı-hərb) və döyüş heyəti məhz bunlar idi. Bu şəxslərin daimi ayıqlığı öz nəticəsini göstərdi və onlar ən kritik anlarda vəziyyəti ayıq şəkildə qavraya bildilər. Bu daimi ayıqlıq sayəsində idi ki, onlar on minlik ordunun bacarmadığı bir rolu yerinə yetirdilər.
32 nəfər və 10 minlik ordu? Kim iddia edə bilər ki, əsgərin sayı daima qəti rol oynayır?..
Süvari Tatar alayında içki istifadə etməyən yalnız yuxarıda adı keçən baş leytenant O. G. idi. Alayın, şübhəsiz ki, daima rəsmi komandiri olmuşdur, lakin mənəvi komandan hər zaman O.G. idi. Ordunun bütün zabitləri və əsgərləri nəzərində dərin hörmət və məhəbbətə sahib olan bu leytenantın təbii olaraq alayın qorunmasında çox böyük rolu olmuşdur. Bütün bir alayın ruhunun tərbiyəçisi olan bu bacarıqlı zabitin qiymətini və nüfuzunu aşağıdakı nümunələr olduqca aydın göstərməkdədir:
1923-də baş leytenant O. G. Türkiyədə 15-ci süvari alayı ilə Birəcik qəsəbəsində (Fərat çayı üzərində, Suriya sərhədində) idi. Ramazan Bayramı günü bu qəsəbə əhalisi onun şərəfinə böyük bir nümayiş təşkil etdilər, onun yaşadığı evin qarşısına toplaşaraq “Yaşasın O. bəy, yaşasın O. bəy!” deyə qışqırdılar. Təbiətən utancaq və təvazökar olan O. bəy pəncərəsini bağlayaraq onu alqışlayanlara görünməkdən çəkinmişdi.
İkinci bir nümunə:
1922-ci ildə Kürdüstanın Malazgird mahalında O. G.-nin xidmət etdiyi diviziyanın 18-ci süvari alayı dayanırdı. O vaxtlar kürdlərlə türklərin münasibətləri o qədər gərgin idi ki, türklər bu alayı geri çəkməyə məcbur olmuşdular. İstiqlal müharibəsi günləri olduğu üçün Türkiyə hökuməti cəza qüvvələri göndərməyi uyğun görmürdü. Hərbi orqanlar O. bəyin nüfuzundan və taktikasından istifadə etməyə qərar verdi; hərçənd O. bəy köhnə baş leytenant rütbəsini daşıyırdı və eskadron komandiri də deyildi.
O. bəyə müvəqqəti olaraq 100 nəfərlik bir eskadron komandirliyi verilir və Kürdüstanın daxilinə qədər irəliləyərək kürdləri itaətə gətirmək kimi mühüm bir vəzifə ilə yola salınır. O. bəy bu vəzifəni uğurla başardı. Kürdlər onu hörmətlə qarşıladılar və bir-iki aydan sonra o, diviziya qərargahına (Sarıqamışa) döndü. O. bəy diplomatik vəzifəsini də mükəmməl şəkildə yerinə yetirmişdi...
Süvari Tatar alayına bir könüllü sifəti ilə qatıldığı cahan müharibəsi cəbhəsindən o, bir zabit rütbəsində və bütün medallara sahib olaraq dönmüşdü. 1918-ci ildə Bakı cəbhəsində döyüşərkən 20 nəfərlik bir dəstəsi ilə bir ingilis bölüyünü əsir almışdı.
Tərtər-Bərdə döyüşünün üçüncü dövründə - iyunun 9-da öz bölüyü ilə alay komandiri tərəfindən bütün bir cəbhəyə qarşı 4 kilometr məsafədən hücuma göndərilmişdi. O, düşmən səngərlərinə yaxınlaşaraq onu yarır, düşmənin daxilinə girərək pulemyot və digər qənimətlər əldə edir, lakin arxadan kömək görmədiyi üçün böyük itki ilə geri çəkilir. Atı vurulduğu üçün geri piyada qayıdan O. bəy atının yəhərini çiyninə götürməyi də unutmur.
Budur, 10 minlik ordunun, hətta bir alayın başında O. bəy kimi adamlar olsaydı, Azərbaycanın, onunla bərabər bütün Qafqazın taleyi başqa bir şəkil alardı.
Bir komandirə millətin yalnız 10 min gənc övladı deyil, eyni zamanda bütün bir dövlətin taleyi həvalə edilərkən bu komandirlərdən yüksək mənəvi nüfuz, sarsılmaz ruh, qüvvətli iradə və xarakter sahibi olmağı tələb etməkdən daha təbii bir şey ola bilməz. Əsgərlər isə bir uşaq kimi hər şeydən əvvəl komandir-müəllimlərinin nüfuzuna inanmaq istəyir. Əsgərin öz komandirindən ümidsiz olması bir fəlakətdir.
“Xudafərin körpüsünün başında yığıncaq keçirdilər”
İyunun 13-də səhər tezdən süvari Tatar alayı Cəbrayıldan İran hududuna doğru hərəkət etdi.
İyunun 14-də alay Araz üzərindəki Xudafərin körpüsünə gəldi. Digər alayların qalıqları da buraya toplanmışdı: 2–3 batareya, alaylardan birinin bir piyada taboru. Bu tabora türkiyəli bir zabit komandirlik edirdi. Taborun bölüklərindən birinin komandiri isə Azərbaycan xidmətində olan türkiyəli türk idi, gürcü, hətta yerliləşmiş bir rus polkovniki belə vardı. Lakin zabitlərin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 250–300 başdan ibarət top arabaları və heyvanları da vardı. Bunların daşıdıqları toplar yollarda buraxılmışdı.
Xudafərin körpüsünün başında Tatar alayının zabitləri bir daha yığıncaq keçirdilər — vətəni tərk edib getmək asan bir şey deyildi — ona görə bilmək istəyirdilər ki, vətəndə qalıb mübarizəni davam etdirməyə imkan var, ya yox? Yığıncaq alayın qorunması naminə sərhəd xaricinə çıxmaq, orada istirahət edib qüvvətli bir təşkilatlanma yaratmaq, sonra Azərbaycana dönüb mübarizəni davam etdirmək qərarına gəldi. Yığıncağın qənaətinə görə o zamana qədər əhali də mənəvi olaraq hazırlaşacaq, bolşevikləri tanımış olacaq və orduya mütləq köməklik göstərəcəkdir. 15 və ya 16 iyun 1920-ci ildə süvari Tatar alayı ordunun digər hissələri ilə birlikdə Xudafərin körpüsünü keçərək İran torpaqlarına girdi. Bir neçə il sonra indiki şahın dahiliyi sayəsində qüvvət və həyat tapan o zamankı İran tam bir çöküş dövrü yaşayırdı.
Hüdudu keçən qüvvələr bunlardı: Birinci süvari Tatar alayı bütün hissələri ilə, pulemyot bölüyü ilə birlikdə bir piyada taboru, iki səhra batareyası (8 top), bir dağ batareyası (2 top), 40-a qədər pulemyot və 250–300-ə qədər at və qatır. Keçən qüvvənin sayı 2500–3000 radələrində idi. Bunların da yarısı döyüşməyə qadir idi. Ordu ilə birlikdə bir çox yaralı zabit və əsgər də tibb bacılarının nəzarəti altında sərhədi keçmişdi.
Sərhədi keçdikdən sonra ordu İran torpaqlarında, Arazdan azca aralıda gecələməyə başladı. İyunun 17-də dar və qayalıq bir keçidlə cənub istiqamətinə doğru hərəkət edildi. Dağlıq və yolsuz olan bu mahala Qaradağ deyilir. Xəritə olmadığı üçün hərbi hissələr öz taleyini təsadüfi bələdçilərin əlinə buraxmışdı. Bir az sonra keçid o qədər daraldı ki, topları və mərmi sandıqlarını aparmaq qeyri-mümkün oldu. Növbəti müşavirədən sonra 8 səhra topunu buraxmağa, 2 dağ topunu isə birlikdə götürməyə qərar verildi. Bu iki top üçün cəmi 75 mərmi götürülmüşdü.
Ordu dərin bir təəssürlə toplarını buraxaraq qayalığı dırmaşmağa başladı. Ordu qalxdıqca dağın zirvələri daha da yüksəlirdi. Bələdçinin inandırdığına görə böyük bir yola çıxmaq üçün bu dağları aşmaq lazım idi. Çox keçmədən ordu dörd bir tərəfdən dağların qayalıq zirvələri ilə mühasirəyə alındı.
Qayadan qayaya dırmaşan ordu bir az istirahət etmək istəyərkən daha yüksək bir qayadan atəş açıldı. Hərbi hissələr gülləbaran edilirdi. Ordu belə bir “qonaqpərvərlik” gözləmirdi. Bələdçilər irəli çıxıb “Atmayın, atmayın, dost adamdır!..” deyə qışqırmağa başladılar. Lakin atəş kəsilmədi. Bələdçilər atəş açanların yanına gedib, gələnlərin “öz qardaşlarımız” olduğunu söyləməyə qərar verdilər. Onlar getdilər və bir daha görünmədilər. Bunun müqabilində atəş daha da şiddətləndi. Bələdçilərin qəsdən ordunu keçilməz bir yerə gətirdikləri məlum oldu. Geri çəkilmək ağla belə gələ bilməzdi, çünki bu cür hallarda geri çəkilmək daha da təhlükəli olur. Bir yola çıxana qədər irəliləməyə qərar verildi. Bir az keçməmiş qaradağlılar adamlar göndərərək təklif irəli sürdülər: bütün silahlarımızı və pulemyotlarımızı verməli idik, yoxsa məhvə məhkum imişik. Sözsüz ki, silahların təslimi mövzu-bəhs ola bilməzdi. Silahlar verilsəydi belə, ordu məhv ediləcəkdi.
Hərəkət edə bilmək üçün keçidin dibindəki dar yollardan yürümək lazım gəlirdi. Əslində su da burada idi və yazın istisində susuz onsuz da yerimək olmazdı. Halbuki bu vəziyyətdə tam mənası ilə məhv olacaqdıq. Çünki qaradağlılar orduyu yuxarıdan güllə yağışına tuta bilərdilər. Sudan vaz keçərək hərb elminin ibtidai qanunları gərəyincə döyüşə bilmək üçün yuxarı hissə ilə hərəkət etmək lazım gəldi.
Ordu çətin bir məsələni həll etməyə məcbur idi: yad bir məmləkətdə, vətənimizdə — Qafqazda çox təbii bir şey olan qonaqpərvərliyə ümid edən ordu burada dincələcək və sonra mübarizəni davam etdirmək üçün məmləkətə dönəcəkdi. Qaradağlıların göstərdiyi istiqbal mərasimi isə bütün təsəvvürləri alt-üst etdi. Öz arzu və istəyindən kənar, qaradağlıların yaratdıqları vəziyyət döyüşə girməyi məcbur edirdi. Bunun sonu nə olacaqdı? Bu suala kimsə cavab verə bilmirdi.
Basqınçıların atəşindən insan və heyvan tələfatı olduğunu görən ordu yüksək təpələri işgal edərək havaya atəş açmağa başladı. Bununla da o, silaha silahla cavab verəcək vəziyyətdə olduğunu hiss etdirmək istəyirdi. Bundan heç bir fayda çıxmadı. Qaradağlılar atəşə davam etdilər. Bir neçə pulemyot atəşi açıldı. Yenə də təsir etmədi. Qaradağlılar bunun müqabilində qışqırdılar: “Şır-şırlarınızdan qorxmuruq. Nə qədər istəyirsiniz atın!” Pulemyota “şır-şır” deyirdilər və ehtimal ki, cahan hərbi zamanı görüb öyrəşmişdilər.
Ordunun vəziyyəti çox ağır idi: yolsuz, dağlıq bir yerdə, hər daşı əzbər bilən bir düşmənlə döyüşəcəkdi. Qoşunda yalnız Tatar alayı ilə bir tabor döyüşə biləcək vəziyyətdə idi. Heyəti-ümumiyyəsilə izdihamlı ordu kilometrlərlə yer tuturdu. Geridə qalan bəzi qruplar ordudan ayrılmış və məhv edilmişdilər. Geridə qalan kiçik qrupları qaradağlılar mərhəmətsizcəsinə öldürürdülər. Yaralılara belə rəhm edilmirdi. Bu yaralılar içində Azərbaycan ordusunun zabitlərindən olan bir gürcü baş leytenantı da qətlə yetirilmişdi.
“Bütöv bir çörəyin qiyməti bir tüfəng və ya bütöv bir at idi!”
Azuqə namına heç bir şeyi olmayan hərbi hissələrin iaşəsi təsadüfə buraxılmışdı. Alay kassasında bir neçə milyon Azərbaycan kağız əsginası mövcud idisə də, yerli əhali onları qəbul etmir, yalnız metal pul tələb edirdi. Ona görə də alay heç bir şey ala bilmirdi. Qaradağ dağlarındakı yürüşün daha ilk günlərində aclıq özünü hiss etdirməyə başlamışdı. Hərbi mülahizələrlə dağın təpələrinə çıxdıqdan sonra alay sudan da məhrum olmuşdu. Susuzluğun təsiri altında əsgərlər dərələrin, keçidlərin dibində axan sulara doğru enməyə başlayarkən düşmən tərəfindən məhv edilirdi.
Aclıq, susuzluq, qaradağlıların insafsızlığı, yolsuzluq və günəş altında atəşə dönmüş qayaları dırmaşmaq məcburiyyəti alayı heç də məmnun edəcək bir vəziyyət yaratmırdı. Bir amil də var idi: hərbi hissənin əlində olan iki topun ancaq 75 mərmisi vardı. Süvari alayının hər əsgərində 150–200, piyadada isə 100-ə qədər güllə vardı. Pulemyotların da sursatı az idi. Bunlarla bir gün belə döyüşmək olmazdı. Bir günlük döyüşə kifayət etsəydi belə, ondan sonra nə olacaqdı? Qarşımızda daha nələr vardı?
Bu məhdud sursatımız da yalnız döyüşə sərf edilmirdi: çarpışmanın daha ikinci günündə insanlar və heyvanlar aclıqdan və susuzluqdan əzab çəkməyə başladılar. Bunu eşidən qaradağlılar arvadları və uşaqları vasitəsilə su və arpa çörəyi göndərir və bunların müqabilində pul deyil, silah və sursat istəyirdilər. Paslanmış konserv qutularındakı su ilə bir parça çörəyə 5-dən 10–15-ə qədər güllə alırdılar. Bu, insafsızlığın son həddi idi. Lakin susuz və ac əsgərlər allahsızlığın bu dərəcəsinə dözmək məcburiyyətində qalırdılar. Bütöv bir çörəyin (bir kiloqramdan az) qiyməti bir tüfəng və ya bütöv bir at idi!.. Bu qadın və uşaqların ərləri və ataları üzərimizə çevrilmiş silahlarla qaya arxalarından bu alış-verişi seyr edirdilər.
Zabitlərin bütün tədbirlərinə baxmayaraq, bu ikiqat (həm döyüş, həm də mübadilə) məsrəfin qarşısını almaq mümkün olmadı. Çünki susuz və yeməksiz əsgər nə yeriyə, nə də döyüşə bilərdi.
Çox keçmədən əsgərlər verdikləri güllələrin öz üzərlərinə yağdırıldığını gördülər. Buna qarşı hiyləyə əl atmağa başladılar; güllələrin barıtını çıxarıb yerinə torpaq doldurdular. Lakin qaradağlılar torpaqla barıtın fərqini dərhal anlayınca arvad və uşaqlarını göndərməkdən vaz keçdilər. Əsaslı yoxlamadan sonra barıtın mövcudluğuna əmin olmayınca artıq mübadilə aparılmadı. Torpaq qaradağlıları son dərəcə qəzəbləndirmişdi, bunun təsiri altında daha diqqətlə nişan alıb atmağa başlamışdılar.
Atışma gecələr də davam edirdi, gündüzlər əsgər insan və heyvan tələfatını qeydə alırdı. Çox vaxt gecələr qaradağlılar gizlicə basqın edib silah və at oğurlamağa cəhd göstərirdilər. Bu basqınlardan birini də yorulmuş olduqlarından yuxuya dalmış olan piyada taborunun pulemyot bölüyünə qarşı etmişdilər. Lakin oyaq olan tabor komandiri pulemyot atəşi ilə qaradağlıları geri oturtmuşdu.
Qoşunun ən amansız düşməni yuxusuzluq idi. Yuxu gecələr bütün müqaviməti qırırdı. Halbuki düşmən güllə yağışı yağdırmağa davam edirdi. Bu cür hallarda bəzi zabitlərin və kiçik rütbəli zabitlərin cəsarəti və yüksək ruh yüksəkliyi köməyə çatırdı. Gecə çarpışmaları əsnasında əsgər döyüş xəttində əlində silah yuxuya gedirdi.
Döyüşmək istəmədiyi halda məcburiyyətdən çarpışan qoşun qaradağlıların gizləndikləri təpələri şrapnel atəşi ilə vurmağa başladı. Biri digərinin üzərinə qatlanmış qaya yığınları onları çox yaxşı qoruyurdu. Bununla belə qaradağlılar topdan olduqca qorxduqları üçün qoşun yavaş-yavaş da olsa, özünə yol açaraq irəliləyə bilirdi.
Döyüşün birinci və ya ikinci günü böyük bir ingilis qatırına yüklənmiş iki dağ topundan birinin gövdəsi sıradan çıxdı. Təpələrin birində düşmən gülləsi qatırı topla birlikdə uçuruma uçurtdu. İndi yalnız bir topumuz qalırdı. Ordumuzun keçdiyi bölgədəki tayfaların başında Cavad xan və Kərim xan adında iki rəis vardı. Onlarla və onların adamları ilə vuruşulurdu. Bunlardan sonra başlarında Böyük xan duran tayfanın ərazisi gələcəkdi. Diqqətəlayiq bir paradoks: bu sırf dağ müharibələrində hərbi hissənin mühafizə işini yalnız süvari alayı yerinə yetirirdi; ordunun önündə, arxasında yürüyən və çarpışan süvari alayının bölükləri idi. Piyada taboru onu gücləndirməkdə idi. Digər hərbi hissələr və qruplar ortada gedirdi. Qayalar üzərində süvari hərəkatı! Hərb tarixinin bilmədiyi bir hadisə...
“Ağır yaralı olan zabiti əsgərlər Türkiyəyə qədər apardılar”
Döyüşün üçüncü və ya dördüncü günü təpəsindən düşmənin atəş altına aldığı bir dağa yetişdik. Bir piyada bölüyünə hücuma keçib təpəni işğal etməsi əmr olundu. Bölük yayılıb dağın təpəsinə doğru dırmaşmağa başladı, lakin şiddətli atəşlə qarşılandı. Bölük komandiri baş leytenant (türkiyəli türk) yaralandı və yıxıldı. Hücum müsbət nəticə vermədi. Ağır yaralı olan zabiti əsgərlər Türkiyəyə qədər apardılar və o, ağır yaradan da sağaldı. Top atəşi qaradağlıları təpəni tərk etməyə məcbur etdi və ordu yoluna davam etdi. Bu günlərin təfərrüatına aid qeydlərim itmişdir, lakin bu hadisələrdə iştirak etmiş olanların çoxu yaşayırlar. Onlar bir çox şeylər əlavə edə bilərlər.
Nəhayət, ordu bu iki xanın ərazisindən çıxıb Böyük xanın ərazisinə girdi və Böyük xanın oğlu tərəfindən qarşılandı. Böyük xanın oğlu atasının adından əsgərlərimizi “əziz qonaqlar” kimi qarşılamağa gəldiyini və ordumuzu tayfalarının yerləşdiyi Şeyvər dağının yaylaqlarına aparacağını söylədi.
Bu sözlərə etimad etməklə bərabər Böyük xanın oğlu ilə gedildi, lakin acı təcrübələrin nəticəsi olaraq ehtiyatı əldən verməməyə də diqqət yetirildi.
Hərbi hissələr Şeyvər dağına gəlib Böyük xanın otlaqlarında düşərgə saldı. Böyük xanın bütün tayfası daxil olmaqla heyvanları ilə birlikdə burada idi. Böyük xana inanılarsa, tayfası 400 silahlı çıxara bilərdi. Həqiqətdə isə bu rəqəm şişirdilirdi. İstirahətdən istifadə edən əsgər heyvanlarını otarırdı. Çörək, ət, süd bol oldu. Sudan isə bəhs etməyə belə lüzum yoxdur. Böyük xan öz iddiasına görə qoşunu qonaqpərvərlik hissi ilə doyururdu. Kərim xan ilə Cavad xanı isə Qaradağın ən məlun quldurları ifadəsi ilə lənətləməkdə idi.
Hərbi hissə komandiri polkovnik (miralay) Sofiyev Böyük xana borclu qalmamaq üçün ona iki milyon Azərbaycan manatı vəsait ayırdı. Əlavə olaraq süvari alayının orkestri onun tayfasına hər gün konsertlər verirdi. Şeyvər dağının vəhşi keçidləri və qayalıqları üzərində ilk dəfə olaraq ifa edilən opera, marş və vals havalarını dinləmək insana çox qəribə gəlirdi. Lakin tale hər cür zarafatları edə bilər.
Hərbi hissə Şeyvər dağı yaylağında üç gün istirahət etdi. Bu müddət ərzində Böyük xandan bir pis xəbər də öyrəndik: onun anlatdığına görə irəlidə hərbi hissənin yolu üzərində Əhər adında möhkəmləndirilmiş bir qala vardır. Bu şəhər əhalisi də yolda rast gəldiyimiz tayfalar kimi müdhiş quldurlar imişlər. Onlar ətrafa hücum edir, kəsir, oğurlayır, öldürürlərmiş. Bütün bu tayfalar arasında ən sülhpərvər, ən insansevər Böyük xanın özü imiş. Hərbi hissəyə göstərilən qonaqpərvərlik onun sözlərinə bir az inanmağı diktə edirdi.
“Ən zalım və qorxunc quldur Böyük xanın özüdür”
Böyük xan və onun 300-ə yaxın atlısı ilə birlikdə hərbi hissə Əhərə doğru yola çıxdı və Böyük xanın xahişi üzərinə tayfa ailələrinin mühafizəsi üçün bir piyada bölüyü buraxıldı. Dağdan enərək şəhərə yaxınlaşan hərbi hissə 5–6 kilometr məsafədən iki top atəşi açdı. Top mərmiləri şəhər divarlarının önünə düşdü.
Eyni cavabı gözləyərkən şəhərdən iki atlı çıxaraq hərbi hissəyə yaxınlaşmağa başladı. Hərbi hissə komandanının yanına gələrək şəhərdə ticarət və ziraətlə məşğul olan əhalinin yaşamaqda olduğunu, yerli əhalidən təşkil olunmuş mühafizə dəstəsindən başqa heç bir hərbi qüvvənin olmadığını söylədilər. Şəhər nümayəndələri bunu da əlavə etdilər ki, bütün məmləkətdə ən zalım və qorxunc quldur Böyük xanın özüdür; o, hərbi hissənin köməyi ilə şəhəri ələ keçirib talamaq istəyir. Böyük xan isə özü ilə ordu komandiri arasında bağlanan (sözdə, təbii ki) “anlaşma”nın yerinə yetirilməsini tələb etməkdə israr edir və özünün deyil, şəhər əhlinin quldur olduqlarını irəli sürürdü.
Ordu komandiri həqiqəti öyrənmək üçün baş leytenant S. Z.-ni şəhərə göndərdi. S. Z. geri dönərək şəhərin sülh içində yaşadığını, Böyük xanın yalan söylədiyini anlatdı. Böyük xana dağlarına qaçmaqdan başqa bir yol qalmadı. Burada təhqiqat və danışıqlar davam edərkən Şeyvər dağına — hərbi hissə ilə Böyük xanın arasının dəydiyi xəbəri yetişdiyindən — bir neçə yüz qadın əllərinə keçən baltalarla bölük komandiri E. bəyə hücum etdilər. Qadınları öldürmək və onlara qarşı silah qaldırmaq istəməyən bölük silahlarını təslim etmək məcburiyyətində qaldı; bunun ardınca geyimlərini də verərək alt paltarında Əhərdəki hərbi hissəyə gəlib qoşuldu.
Qoşun Əhər qapılarında qərargah qurub iki gün istirahət etdi. Şəhər əhalisi qoşunları ərzaq cəhətdən təmin edirdilər. Bu əsnada qoşunu yeni təhlükələr gözlədiyi məlum oldu: Böyük xan, Kərim xanla Cavad xanı və Şahsevən qəbilələrini köməyə çağıraraq hərbi hissə üzərinə ümumi bir basqın hazırlamaqda idi. Bununla o, qoşunun silahlarını əlindən alacaq, daha doğrusu, əsgərləri qılıncdan keçirəcəkdi. Eyni zamanda, hərbi hissəni tərksilah etmək üçün Təbrizdən hökumət qüvvələrinin də yola çıxdığı şayiələri yayılmağa başladı.
Bir daha bu cür təhlükəli avantüraya girməmək üçün qoşun kimsəyə sezdirmədən gecə ikən Maku xanlığına doğru yola çıxdı.
(Davamı var)
Qeyd: Azərbaycan Cümhuriyyəti zabitlərindən Abdulla Şəfiyev də Yavər Şəkili ilə eyni yürüyüşdə olub. Onun xatirələri ilə Yavər bəyin memuarı tamamilə üst-üstə düşür: “İranlı bələdçi bizləri Qaradağ adlanan dağlı bir yerdən ötürüb Təbrizə dörd günə aparmalı idi. Bu şəxs bizi bilə-bilə Qaradağın ən dəhşətli yollarına saldı. Top, tüfəng və başqa əşyaları bizdən almaq üçün 500 nəfərə yaxın Azərbaycan cavanlarını qurban verdi, yəni satdı. Gecə-gündüz vuruşa-vuruşa Böyük xan deyilən bir xanın torpağına çatdıq. Əlbəttə, bizim xəyalımız İran xalqı ilə vuruşmaq deyildi. Böyük xanın torpağını keçərək Əhər adlanan bir şəhərə yaxınlaşırdıq. Bizim hissədə top, tüfəng və ingilis atları var idi. O mahalda pulemyota şır-şır deyirlər, o mahalın adamları yollara çıxıb çığırırdılar: – Ədə, havayı tüfəngləri verin, atları verin, sonra ancaq salamat keçə bilərsiniz. Bizlərə pul ilə çörək satmayırdılar, ya patron və yainki bir şey, pul istəmirdilər. Çantalarda olan basta qoyulmuş sancaqlara qadınlar 5 lavaş verirlər. Böyük xan öz torpağını başqa xandan müdafiə etmək xəyalı ilə bizlərdən bizim 50-60 nəfər əsgər və zabiti öz qərargahında saxlayıb özünün 200-ə qədər atlıları ilə bizim vasitəmizlə Əhər şəhərini qarət etmək istəyirdi. Biz isə qərara gəlib onlarla axır sərhəddə vuruşub Əhərə hücum etməyək…”