BAKI, 2 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın yaxın saatlarda amerikalılara müraciətində İrana qarşı hərbi əməliyyatın məqsədlərinin yerinə yetirildiyini və onun sona yaxınlaşdığını açıqlayacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp çıxışında təxminən bir ay davam edən müharibənin sona çatmaq üzrə olduğunu bildirəcək və ABŞ-nin qarşıya qoyduğu bütün hərbi məqsədlərin yerinə yetirildiyini vurğulayacaq. Məlumata əsasən, o, həmçinin münaqişə ilə bağlı hələ də həll olunmamış əsas problemlərdən biri olan İranın Hörmüz boğazından gəmiçiliyə qoyduğu məhdudiyyətlər məsələsinə görə məsuliyyətin NATO üzrə müttəfiqlərin üzərinə düşdüyünü qeyd edə bilər.

Bildirilib ki, ABŞ Prezidentinin keçmiş əsas siyasi strateqi Stiv Bannon nəşrə açıqlamasında Trampın çıxışında İranda əldə etdiyini iddia etdiyi nəticələri sadalayaraq faktiki olaraq qələbə elan edəcəyini deyib. O həmçinin ABŞ-nin əməliyyatı dayandırmazdan əvvəl atacağı növbəti addımlar barədə məlumat verə bilər.