BAKI, 21 sentyabr. TELEQRAF

Avropa İttifaqı ölkələri yeraltı qaz anbarlarına aprel ayından 45 milyard kubmetr qaz vurub.

Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) assosiasiyasının hesablamalarında qeyd olunub.

Bildirilir ki, Avropa qış mövsümü üzrə anbarlara tələb olunan həcmin yalnız 67%-ni vura bilib.

Yeri gəlmişkən, Avropanın qaz qovşaqlarında qiymətlər 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. Buna baxmayaraq, Aİ qışa qədər anbarlarını doldurmağa çalışır.

Sentyabrın 19-na olan məlumata görə, Avropanın anbarları 69,59% doludur. Ötən il isə bu tarixdə anbarların doluluq səviyyəsi 81,4% olub. Hazırda anbarlarda təxminən 76,2 milyard kubmetr qaz var ki, bu da ötənilki ehtiyatdan 13,4 milyard kubmetr azdır və 2013-cü ildən bəri ən aşağı səviyyədir.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə qaz anbarlarının 90% doldurulmasını təmin etməlidirlər. Beləliklə, 2026-2027-ci illərin payız-qış dövrünün başlanmasına qədər normativ doluluq səviyyəsinə çatmaq üçün Avropa anbarlarına ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır.