BAKI, 29 mart. TELEQRAF

Misirin keçmiş xarici işlər naziri Nəbil Fəhmi Ərəb Liqasının (ƏLB) yeni baş katibi olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Misirin "Ash-Shorouq" xəbər agentliyi məlumat yayıb.

Portalın məlumatına görə, Fəhminin namizədliyi Qahirə tərəfindən irəli sürülüb. Bütün ərəb xarici işlər nazirləri videokonfrans formatında keçirilən görüşdə onun baş katib təyin olunmasına yekdilliklə səs veriblər.

Bildirilir ki, Fəhminin təyinatı rəsmi olaraq Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilən Ərəb Liqası sammiti çərçivəsində elan ediləcək.

Qeyd edək ki, Fəhmi 16 iyul 2013-cü ildən 8 iyun 2014-cü ilə qədər Misirin xarici işlər naziri vəzifəsində çalışıb. Bundan əvvəl diplomat doqquz il (1999-2008) ABŞ-də səfir vəzifəsində çalışıb.