BAKI, 2 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) dörd ölkəsinin rəhbərləri tərəfindən İrəvanın Avrasiya inteqrasiya birliyinə və ya Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum keçirilməsinin zəruriliyi barədə qəbul edilmiş qətnaməni “çox balanslı” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, seçiciləri ilə görüşündə danışıb.

Geqarkunik vilayətində seçki kampaniyası zamanı Paşinyandan mayın 29-da Astanada keçirilən görüşdə dörd AİB ölkəsinin liderlərinin qəbul etdiyi qətnaməni oxuyub-oxumadığı soruşulub:

“Oxudum. “Çox balanslı” mətndir, məlum olur ki, dörd Avrasiya İqtisadi Birliyi ölkəsindən olan həmkarlarımız Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı Ermənistanda referendum keçirilməsi ideyasını dəstəkləyir. Başa düşürsünüz: Ermənistan Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün Aİ-yə müraciət edənə qədər referendum keçirilməyəcək. Bu baş verənə qədər referendum olmayacaq. Bu baş verən kimi referendum olacaq”.

Xatırladaq ki, sözügedən qətnamə mayın 29-da AİB-in Astanda keçirilən sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanıb.