BAKI, 2 iyun. TELEQRAF

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti modernləşdirmə işlərindən sonra daha böyük yükdaşıma imkanları ilə yenidən istifadəyə verilib.

Teleqraf xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib.

ADY sədri qeyd edib ki, bu layihənin uğurla tamamlanması həm Azərbaycan, həm də bütövlükdə region üçün əlamətdar hadisədir. BTQ artıq sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementi kimi ölkənin coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur.

İnfrustruktura qoyulan böyük investisiyalar sayəsində ADY tərəfindən dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində geniş modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Rövşən Rüstəmov çətin dağlıq relyefdə və sərt iqlim şəraitində icra olunan texniki işlərin sadə icmalını təqdim edib:

Gürcüstan hissəsində 13 dəmir yolu stansiyası, həmçinin 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmit edilib. Enerji təchizatını yaxşılaşdırmaq üçün 200 km-dən çox kontakt şəbəkəsi xətti yenilənib, 340 km uzunluğunda elektrik xətti təmir olunub. 61 km yeni dəmir yolu xətti çəkilib, ətraf infrastruktur isə 41 km yeni avtomobil və piyada yolu ilə təkmilləşdirilib. Paralel olaraq Azərbaycan tərəfində də ADY tərəfindən Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri həyata keçirilib və enerji sistemi yenilənib.

ADY sədri bildirib ki, modernləşdirmə işlərindən sonra, 18 may 2026-cı il tarixində Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə layihənin təhvil-təslimi üzrə yekun akt imzalanıb. Eyni zamanda ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə salınması ilə bağlı sənədlər rəsmiləşib.

Yenilənmiş BTQ Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan ən qısa və çevik quru marşrutlarından biri kimi daha funksional status qazanıb. Çin tərəfi ilə imzalanan sənədlərdə də Orta Dəhliz boyunca yükdaşımaların təkmilləşdirilməsi üçün BTQ-dən daha geniş istifadənin təşviqinə xüsusi diqqət ayrılıb və bu proses artıq reallaşma mərhələsindədir.

Açıqlamasının sonunda Rövşən Rüstəmov layihədə böyük əmək sərf edən Azərbaycan inşaatçılarına, mühəndislərinə və bütün dəmiryolçu mütəxəssislərə xüsusi təşəkkürünü bildirib.