BAKI, 20 mart. TELEQRAF

ABŞ-dən 117 qeyri-qanuni miqrant ikitərəfli miqrasiya razılaşmaları çərçivəsində Kubaya geri göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, martın 19-da ABŞ-dən həyata keçirilən reyslə 117 nəfər (89 kişi və 28 qadın) Kubaya qayıdıb. Onlar Havanadakı Xose Marti adına Beynəlxalq Hava Limanına çatdırılıb. Bildirilib ki, üç nəfər ölkədən getməzdən əvvəl törətdikləri ehtimal olunan cinayətlərə görə enişdən sonra saxlanılıb.

Kuba DİN-in məlumatına əsasən, bu əməliyyatla birlikdə ilin ilk üç ayında müxtəlif ölkələrdən Kubaya qaytarılan miqrantların ümumi sayı 427 nəfərə çatıb. Qeyd olunub ki, bu müddət ərzində Amerika regionunun müxtəlif ölkələri tərəfindən doqquz belə əməliyyat həyata keçirilib.

Rəsmi Havana həmçinin qanuni, təhlükəsiz və nizamlı miqrasiyaya sadiq olduğunu vurğulayıb və qeyri-qanuni yollarla ölkəni tərk etməyin həyat üçün ciddi risklər yaratdığını bildirib.