BAKI, 6 mart. TELEQRAF
"İran ərazisindən Azərbaycanın Naxçıvan bölgəsinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum regionun təhlükəsizliyi baxımından ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirilməlidir".
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.
"Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb yaxınlığına düşən dronlar nəticəsində mülki infrastruktura ziyan dəyməsi və dörd mülki şəxsin yaralanması hücumun birbaşa mülki obyektləri hədəf aldığını açıq şəkildə göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bu hadisəni açıq şəkildə Azərbaycan dövlətinə qarşı törədilmiş terror aktı kimi qiymətləndirib.
Dövlət başçısı bu cür hücumların qəbuledilməz olduğunu bildirərək Azərbaycan dövlətinin bu təxribatı qətiyyətlə pislədiyini və məsul şəxslərin cavab verməli olduğunu bəyan edib.
Baş verən hadisə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda regionda geosiyasi gərginliyi artırmağa yönəlmiş siyasi təxribat kimi də qiymətləndirilir. Son günlər Yaxın Şərqdə davam edən müharibə fonunda bəzi qüvvələrin qarşıdurmanı daha geniş coğrafiyaya yaymaq cəhdləri açıq şəkildə hiss olunur.
İran tərəfindən Türkiyənin Hatay vilayəti istiqamətində atılan raketin “qəza” kimi təqdim edilməsi də bu kontekstdə ciddi suallar doğurur. Bütün bunlar regionda müəyyən dairələrin Türkiyə və Azərbaycanı münaqişəyə cəlb etmək cəhdlərinin mövcud olduğunu göstərir".
Səlçuk Karakılıç hesab edir ki, müxtəlif kəşfiyyat strukturları və geosiyasi maraq qrupları regionda yeni qarşıdurma xətti yaratmağa çalışırlar: "Bu cəhdlərin əsas məqsədlərindən biri də Türkiyə ilə Azərbaycanın strateji ittifaqını sınağa çəkmək və iki qardaş ölkəni genişmiqyaslı müharibənin tərəfinə çevirməkdir. Lakin həm Ankara, həm də Bakı dəfələrlə bəyan edib ki, onların siyasəti regionda sabitlik və sülhün qorunmasına yönəlib.
Hadisənin xüsusilə diqqət çəkən tərəflərindən biri isə Azərbaycan rəhbərliyinin son günlərdə nümayiş etdirdiyi yüksək diplomatik və humanist mövqedir. Prezident İlham Əliyev Bakıda İran səfirliyinə şəxsən gedərək başsağlığı verib. Qeyd etmək lazımdır ki, beynəlxalq praktikada dövlət başçılarının xarici ölkə səfirliklərinə gedərək başsağlığı verməsi nadir hallarda rast gəlinən diplomatik jestlərdən biridir. Hətta həmin hadisə ilə bağlı digər dövlət başçılarının belə bir addım atmadığı məlumdur.
Buna baxmayaraq, Azərbaycanın mövqeyi aydındır. Azərbaycan heç bir halda öz ərazisini digər dövlətlərə qarşı istifadə etdirmir və regionda gərginliyin artmasında maraqlı deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət regionda sülhün, əməkdaşlığın və sabitliyin qorunmasına yönəlib. Dövlət başçısı beynəlxalq aləmdə məsuliyyətli və uzaqgörən siyasət yürüdən lider kimi tanınır.Bu prosesdə Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik xüsusi əhəmiyyət daşıyır".
Səlçuk Karakılıç bildirib ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qətiyyətlə pisləyib və qardaş Azərbaycan xalqına açıq dəstəyini ifadə edib: "Türkiyə Prezidenti baş verən hadisədən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon danışığı apararaq yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib və Azərbaycanın yanında olduqlarını vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyənin hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib, Azərbaycan xalqının tək olmadığını xüsusi olaraq ifadə edib. Eyni zamanda Türkiyə lideri regionda gərginliyin artmasını istəmədiklərini, Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasının bütün ölkələr üçün həyati əhəmiyyət daşıdığını bildirərək diplomatik həll yollarının üstün tutulmasının vacibliyini vurğulayıb.
2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi də bu əməkdaşlığın hüquqi və siyasi əsaslarını müəyyən edir.
Bu reallıq regionda hər hansı təxribat planlarının uğur qazanmasını mümkünsüz edir. Azərbaycan güclü siyasi iradəyə, müasir və peşəkar orduya malik dövlətdir. Son illərdə ölkənin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə güclənib, Silahlı Qüvvələr regionun ən hazırlıqlı ordularından birinə çevrilib.
Eyni zamanda Azərbaycan dövləti münaqişələrin həllində hər zaman diplomatik yolları üstün tutur və regionda sülhün qorunmasını prioritet hesab edir. Bu baxımdan Naxçıvana qarşı həyata keçirilən hücum regionu daha geniş qarşıdurmaya sürükləmək məqsədi daşıyan təhlükəli təxribat kimi qiymətləndirilməlidir.
Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə strateji müttəfiq və qardaş dövlətlər kimi hər zaman birlikdə hərəkət edəcək, regionda sülhün və sabitliyin qorunması üçün qətiyyətli mövqe nümayiş etdirəcəklər. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdid qarşısında isə Azərbaycan dövləti də, onun güclü ordusu da lazımi və adekvat cavab verməyə qadirdir.
Sonda bir daha qeyd etmək istərdim ki, baş verən bu hadisə ilə bağlı dərin üzüntümü bildirir, yaralanan vətəndaşlara şəfa diləyir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına səmimi həmrəylik və dəstək hisslərimi ifadə edirəm. Türkiyə xalqının qəlbi hər zaman Azərbaycanla birlikdə döyünür və bu qardaşlıq tarix boyu olduğu kimi bundan sonra da sarsılmaz şəkildə davam edəcək.
Tarix boyu Azərbaycan ilə Türkiyə arasında formalaşmış qardaşlıq münasibətləri yalnız siyasi ittifaq deyil, ortaq tarixə, ortaq mədəniyyətə və ortaq taleyə söykənən sarsılmaz bağdır. Bu gün də Azərbaycan xalqı bilməlidir ki, Türkiyə hər zaman onun yanındadır".