BAKI, 11 avqust. TELEQRAF
“Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın Avropa İttifaqına (Aİ) üzv olması və ya Avrasiya İqtisadi Birliyində (AİB) qalması məsələsi üzrə referendum keçirilməsi ilə bağlı açıqlamaları ziddiyyətli və dolaşıqdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a deyib.
Nazir müavini qeyd edib ki, Ermənistan Konstitusiyasının 205-ci maddəsi beynəlxalq təşkilatlara üzvlüklə bağlı belə bir referendumun məhz Ermənistan hökuməti tərəfindən təşəbbüs göstərilməsini nəzərdə tutur.
Qaluzinin sözlərinə görə, 2025-ci ildə “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ermənistan tərəfi israr edib ki, Konstitusiyanın müddəalarına baxmayaraq, bu sənədin qəbul edilməsi referendum keçirilməsini zəruri etmir, həmin sənəd sadəcə olaraq heç bir hüquqi nəticə doğurmayan siyasi bəyannamədir:
“İndi də eşidirik ki, guya Ermənistanın iyun ayında keçirilmiş seçkilərinin nəticələri özlüyündə avropayönümlü kursa, ölkədə Aİ norma və qaydalarının bundan sonra da tətbiq edilməsinə ümummilli dəstəyi göstərir və buna görə də yenidən referenduma ehtiyac yoxdur.
Xatırladım ki, seçki kampaniyası zamanı Paşinyan bəzən diametral şəkildə əks və dolaşıq açıqlamalar verirdi. Üstəlik, bəzən kifayət qədər açıq şəkildə etiraf edirdi ki, Ermənistanı hələlik heç kim Aİ-yə dəvət etməyib və ölkə ümumiyyətlə heç vaxt Aİ-nin üzvü olmaya da bilər. Artıq çox şey deyilib, amma bunlar heç nəyi tam aydınlaşdırmır”.
Qaluzin vurğulayıb ki, məhz buna görə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistan vətəndaşlarının bu məsələ barədə nə düşündüklərini anlamağın zəruri olduğunu bildiriblər:
“Üstəlik, mücərrəd-nəzəri mənada deyil – “Aİ-ni istəyirsinizmi?” formasında yox, konkret-praktiki şəkildə: gələcəkdə Aİ-yə üzv olmaq naminə AİB-ə üzvlükdən imtina etməyə, özü də o qədər də aşkar olmayan perspektiv naminə, hazırsınızmı? Çünki sualın məhz belə qoyuluşu Ermənistan Respublikasının vətəndaşlarına münasibətdə daha dürüst olacaq. Həmçinin AİB-in digər üzvlərinə münasibətdə də”.