BAKI, 11 avqust. TELEQRAF
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Əfqanıstana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Türkmənistan lideri sərhəd bölgəsində Əfqanıstan baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdülqəni Bəradərlə danışıqlar aparıb. Tərəflər enerji, nəqliyyat, ticarət və mütəxəssis hazırlığı sahələrinə diqqət yetirərək, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Danışıqların əsas mövzularından biri də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri layihəsi olub.
Danışıqlar zamanı nəqliyyat və logistika əlaqələrinin inkişafı da müzakirə edilib. Tərəflər Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Türkmənbaşı Beynəlxalq Dəniz Limanının və Lapis-Lazuli Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialını qeyd ediblər.