BAKI, 11 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun deyil, Tehranın təzminat ödəməli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranın ABŞ-dən vurulmuş ziyana görə kompensasiya tələb etdiyini bildirib.

“Demək olar ki, onlar bizdən vurduğumuz ziyana görə təzminat istəyirlər. Mən dedim ki, bu, yaxşı fikirdir. Biz də onların 50 ildən artıq müddətdə vurduğu ziyana görə pul tələb edəcəyik. Əgər təzminat ödənilməlidirsə, hesab edirəm ki, bunu İran ödəməlidir”, - Tramp deyib.

ABŞ Prezidenti Vaşinqtonun İrandakı etiraz aksiyalarının iştirakçılarının ailələri üçün də Tehrandan kompensasiya tələb edə biləcəyini söyləyib.

Tramp, həmçinin 2000-ci ildə ABŞ-nin “USS Cole” esminesinə hücumla bağlı İrandan təzminat tələb oluna biləcəyini iddia edib. Sözügedən hücum “Əl-Qaidə” terror təşkilatının silahlıları tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tramp daha əvvəl “Truth Social” hesabında da İranın ABŞ-yə təzminat ödəməli olduğu fikrini səsləndirib.