BAKI, 11 avqust. TELEQRAF

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçiriləcək cavab oyunu ərəfəsində azarkeşlərə müraciət edib.

Teleqraf xəbər verir ki, klub rəhbəri “Qarabağ”ın 2026/27 mövsümünə böyük hədəflərlə başladığını və komandanın potensialına inandığını bildirib.

“Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/27 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik. Yeni futbolçularımızın “Qarabağ”a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm”, - deyə Tahir Gözel klubun saytına açıqlamasında bildirib.

“Qarabağ”ın prezidenti baş məşqçi Qurban Qurbanova da tam etimad göstərdiyini vurğulayıb:

“Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar yaşamışıq. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar”.

Tahir Gözel sonda azarkeşləri Kiyev “Dinamo”su ilə vacib qarşılaşmada komandaya dəstək verməyə çağırıb:

“İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. “Dinamo” ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir. Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və “Qarabağ”ımıza olan inamımızı tribunadan hiss etdirək”.