BAKI, 20 fevral. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi nüvə proqramı ətrafında ABŞ ilə aparılan danışıqların bəzi detallarını açıqlayıb.
Teleqraf xəbər verir ki, nazir MSNBC telekanalına müsahibəsində rəsmi Vaşinqtonun İrandan uranın zənginləşdirilməsini daimi olaraq dayandırmağı xahiş etmədiyini bildirib.
A. Əraqçi İranın uranın zənginləşdirilməsini 2-3 illik dayandırmağı təklif etməsi, ABŞ-nin isə bundan tamamilə imtina tələbi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib:
"Hazırda tərəflər arasında nüvə proqramı ilə bağlı etimadın qurulması tədbirləri müzakirə olunur. Nüvə proqramının yalnız dinc məqsədlər daşıdığına əmin olmaq üçün həm texniki, həm də siyasi xarakterli öhdəliklər və addımlar mövcuddur. Biz hazırda həmin texniki məsələlər üzərində işləyirik".
Nazir qeyd edib ki, Tehran və Vaşinqton nüvə proqramının şəffaflığını təmin edəcək mexanizmlərin hazırlanması istiqamətində dialoqu davam etdirirlər.